...

Azərbaycanın hakim partiyası həbsdə olan jurnalistləri prezidentə müraciət etməyə çağırıb

Siyasət Materials 3 Aprel 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, həbsdə olan jurnalistlər azadlığa çıxmaq üçün ölkə prezidentinə müraciət etməlidirlər. "Aclıq aksiyası yolu ilə Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması mümkünsüzdür. Ən əlverişlisi yuxarı instansiya məhkəmələrinə müraciət etmək və ən əsası dövlət başçısına müraciət olunması ilə bu məsələdə humanistlik göstərilməsini xahiş etmək kimi yollardır" cümə axşamı Trend "a YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.

Martın 27-dən "Yeni Müsavat" qəzetinin redaksiyasında bir qrup jurnalist aclıq aksiyasına başlayıb. Aclıq aksiyası 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin martın 26-dan başladığı aclıq aksiyasına dəstək xarakteri daşıyır. Ötən il bəzi ağır cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Aksiyaya bəzi müxalifətçi millət vəkilləri də qoşulub.

Mirzəzadə deyib ki, aclıq aksiyasının ilk gündən siyasi motiv daşıdığı göz önündədir. Yəni qeyri-qanuni bir tələblə aksiya təşkil edilib. "Heç bir qanunda bir qrup şəxsin aclıq aksiyası vasitəsi ilə dövlətə təzyiq etməsi və istəyinə nail olması yoxdur. Bu gün qanun qəbulu ilə hüquqi dövlət qurulmasında yaxından iştirak edən şəxslərin - millət vəkillərinin aksiyaya qoşulması özlərinin hüquqa və qanunlara hörmətlərini bariz şəkildə nümayiş etdirir" YAP funksioneri əlavə edib.

Mirzəzadə hesab edir ki, aclıq aksiyasının arxasında müəyyən siyasi dairələr durur. Məqsəd seçkiöncəsi siyasi dvidentlər götürmək, dövlətə təzyiq etmək və Azərbaycan haqqında xaricdə mənfi rəy yaratmaqdır.

YAP 1992-ci ildə Naxçıvanda mərhum prezident Heydər Əliyev tərəfindən təsisi olunub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti