...

Əfqanıstan NATO-nun ölkəyə yeni hərbçi göndərmək planını alqışlayır - XİN rəhbəri

Siyasət Materials 17 Aprel 2008 17:59 (UTC +04:00)
Əfqanıstan NATO-nun ölkəyə yeni hərbçi göndərmək planını alqışlayır - XİN rəhbəri

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir D.Xatınoğlu/ Rəsmi Kabil NATO-nun daha 2000 nəfər sülhməramlını Əfqanıstana göndərmək barədə qərarını dəstəkləyir, lakin Milli Ordunun sürətlə formalaşdırılmasını da əhəmiyyətli hesab edir.

"Sözügedən prosesin sürətlənməsi üçün Əfqanıstana 2000 əlavə əsgərin göndərilməsi qərarını alqışlayırıq. Lakin başlıcası odur ki, bizim milli təhlükəsizlik qüvvələrinin təlim, təchiz edilməsi daha da sürətlənsin ki, bu işdə daha da böyük paya malik olsunlar və beləliklə, terrorizmlə mübarizədə tam rəhbərliyi ələ ala bilsinlər"-deyə Əfqanıstan xarici işlər naziri Rəngin Dadfər Spanta Trend a eksklüziv müsahibəsində bildirib.

Aprelin 4-də Buxarestdə keçirilən NATO sammitində Əfqanıstandakı xarici sülhməramlıların sayının əlavə olaraq təxminən 2000 hərbçi artırılması barədə qərar qəbul olunub. "Associated Press"in məlumata əsasən, NATO 2010-cü ilədək ölkədə 80 min əfqan hərbçinin hazırlanması və xarici koalisiya qüvvələrinin onlarla əvəzlənməsini planlaşdırır.

"Əfqanıstan İslam Respublikası milli təhlükəsizlik naminə qüvvələrinin lazımi səviyyəyə çatdırılması, ölkədə sülh, sabitlik və yenidənqurma prosesinin uğurla getməsi üçün beynəlxalq ictimaiyyətin, o cümlədən NATO-nun davamlı dəstəyinə ehtiyac duyur"- deyə Dadfər cümə axşamı bildirib.

O, əlavə edib ki, hərbi və mülki sahəni əhatə edəcək universal strategiya terrorizmlə mübarizə üçün vacibdir və çox sevindirici haldır ki, bu məsələ Buxarest sammitində NATO tərəfindən təsdiq edilərək dəstəklənib.

"Əfqanıstan ciddi regional və beynəlxalq problem sayılan terrorizmlə mübarizənin ön cəbhəsində yerləşir"-deyə XİN rəhbəri bildirib. "Biz terrorizmin məğlub olması və təhlükəsizliyin təmin edilməsi məqsədinə çatmaq üçün əfqan qüvvələrinin əməkdaşlığı ilə islam dünyasının da daxil olduğu beynəlxalq ictimaiyyətin dəstəyini zəruri sayırıq"- deyə o əlavə edib.

NATO sammitində Fransa 700, Gürcüstan 500, Polşa 400 hərbçi və 8 vertolyot, Çexiya 120, Azərbaycan 45 və Yeni Zelandiya 18 hərbçi göndərəcəyini təklif edib. Hazırda NATO-ya üzv-ölkələrin hamısından (26 ölkə) cəlb olunmuş 47 min həbçi Əfqanıstanda fəaliyyət göstərir.

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı isə hazırda 45 nəfər təşkil edir. Azərbaycan əskərləri Türkiyə sülhməramlıları tərkibində xidmət ğöstərillər.

Xəbər lenti

Xəbər lenti