...

Azərbaycan və Slovakiya arasındakı münasibətlər dostluq xarakterlidir və heç bir həll olunmamış məsələ yoxdur – Yan Kubiş (müsahibə)

Siyasət Materials 28 Aprel 2008 17:52 (UTC +04:00)
Azərbaycan və Slovakiya arasındakı münasibətlər dostluq xarakterlidir və heç bir həll olunmamış məsələ yoxdur – Yan Kubiş (müsahibə)

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir A.Qasımova/ Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişlə Trend -un müsahibəsi.

- Sizin Azərbaycana səfəriniz çərçivəsində hansı məsələlər müzakirə ediləcək?

- Mənim Azərbaycana səfərimin məqsədi ölkələrimiz arasındakı əməkdaşlığın dərinləşdirilməsi baxımından Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin müzakirəsindən ibartədir. Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsinin sədri olaraq, bu imkandan Azərbaycanın Avropa Şurası, BMT, ATƏT kimi beynəlxalq təşkilatlarla əməkdaşlığının qiymətləndirilməsi üçün istifadə etmək istərdim.

- Avropa Şurası və Azərbaycan arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirirmi?

- Azərbaycan məhkəmə sisteminin fəaliyyəti kimi sahələrdə, özünün daxili qanunvericiliyinin Avropa Şurasının standartları ilə uyğunlaşdırılmasında irəliləyişə nail olub. Yeni qanunların qəbulu ilə yanaşı, onların konkret gündəlik reallaşdırılması da lazımdır. Bu sahədə hələ bütün addımlar atılmayıb və Avropa Şurası gələcəkdə də bu prosesdə Azərbaycana yardım göstərməyə hazırdır.

Digər tərəfdən, narahatlığa əsas verən bir sıra sahələr var. Mən, əsasən kütləvi informasiya vasitələrinin azadlığına dair məsələni nəzərdə tuturam. Avropa Şurası dəfələrlə diffamasiyanın dekriminallaşdırılmasına çağırıb. Ümid edirəm ki, bu, yaxın vaxtlarda aradan qaldırılacaq.

Müstəqil məhkəmə sisteminin möhkəmlənməsi, korrupsiya ilə mübarizə, penitensiar sistem və polisdə islahatların aparılması, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi əvvəlki kimi yenə də irəliləyişlər olan sahələrdir.

- Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı Avropa Şurası və Bakı hakimiyyəti hansı birgə addımlar ata bilərlər? Ölkənin Mülki Məcəlləsinə dəyişikliklər etmək lazımdırmı?

- Oktyabrda keçiriləcək prezident seçkiləri ölkənin siyasi həyatında həlledici an olacaq. Seçkilərin azad və ədalətli keçməsi çox vacibdir. Avropa Şurası Nazirlər Komitəsi seçkilərə hazırlıq sahəsində Azərbaycan hakimiyyətinə yardımın göstərilməsi üzrə fəaliyyət planını təsdiqləyib. Təşkilat bu hazırlıqları diqqətlə izləyəcək və ümid edir ki, xüsusilə kütləvi informasiya vasitələrinə çıxış və azad şəkildə mitinqlər təşkil etmək imkanlarına münasibətdə seçki kampaniyası zamanı bütün namizədlər bərabər şəraitdə rəqabət aparmaq imkanına malik olacaqlar.

Seçki Məcəlləsinə gəldikdə isə, Avropa Şurası və Venesiya Komissiyası ATƏT-DİİHB ilə birgə Seçki Məcəlləsinin beynəlxalq standartlar və bu sahədəki qabaqcıl təcrübəylə uyğun vəziyyətə gətirilməsi məqsədilə yardım göstərir. Seçki mübahisələrinin tənzimlənməsi kimi bir sıra sahələrdə irəliləyiş əldə edilib. Buna baxmayaraq, hələ də həll edilməyən vacib məsələ seçki komissiyalarının tərkibidir. Avropa Şurası buna xüsusi əhəmiyyət verir. Balanslaşdırılmış komissiya tərkibini təmin etmək üsulu tapılmalıdır.

Biz ümid edirik ki, bu məsələ tez həll ediləcək və yenidən baxılmış Seçki Məcəlləsi seçkilərə qədər qəbul ediləcək. Bu, həmin əsasda seçkilərin hazırlanması üçün lazımi əməli tədbirlərin həyata keçirməsinə imkanı yaradacaq.

- BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların çoxsaylı çağırışları və tələblərinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları haqqında Sizin rəyiniz necədir?

- Slovakiya regiondakı münaqişənin nizamlanmasında əsasən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara ümid edir. Bununla əlaqədar olaraq, ATƏT-də Finlandiyanın sədrliyinin mövqeyini dəstəkləyirik. Avropa Şurası Nazirlər Komitəsinin adından danışaraq, hesab edirəm ki, hər iki ölkədə - Azərbaycan və Ermənistanda prezident seçkilərindən sonra bu məsələnin nizamlanması üzrə danışıqlar fəallaşdırılacaq.

- Azərbaycan və Slovakiya arasında hazırkı ikitərəfli münasibətləri necə xarakterizə edərdiniz? İki ölkə arasında əməkdaşlıq perspektivləri necədir?

- Slovakiya və Azərbaycan arasındakı münasibətlər dostluq xarakterlidir və heç bir həll edilməmiş məsələ yoxdur. Slovakiya Respublikası xüsusilə də ticarət və iqtisadiyyat sahələrində Azərbaycanla balanslaşdırılmış və qarşılıqlı faydalı münasibətlərdə maraqlıdır. Biz ölkəmizin nümayəndələrinin indiyədək olduqca məhdud olan səfər proqramlarının genişlənməsində maraqlıyıq. Slovakiya energetika sektorundan başqa, Azərbaycan iqtisadiyyatının digər sahələrində slovak iş adamlarının iştirakı ilə bağlı əməkdaşlıq təkliflərinə şad olardı.

Slovakiya Respublikası Avropa planlarının reallaşdırılması yolunda Azərbaycanı (Cənubi Qafqazın digər ölkələri ilə yanaşı) dəstəkləyir. Bundan əlavə, Avropa İttifaqı 2006-cı ilin noyabrında Cənubi Qafqaz ölkələri ilə Fəaliyyət Planı imzalayıb. Beləliklə, Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil edilib. Slovakiya hesab edir ki, adları çəkilən əməkdaşlıq mexanizmləri Azərbaycanın Aİ-yə doğru uğurlu səylərinə yardım edəcək. Mən Azərbaycan Respublikasının rəsmi şəxslərini əmin etmək istərdim ki, Slovakiya Aİ-yə qoşulmaq prosesində öz təcrübəsi ilə paylaşmağa hazırdır.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Bu faktor Azərbaycan və Slovakiyanı nə dərəcədə yaxınlaşdıra bilər?

- Avropanın enerji siyasətinin ayrılmaz hissəsini Azərbaycan da daxil olmaqla Aİ-yə daxil olmayan digər enerji təchizatçı-dövlətlərlə daha sıx ikitərəfli əməkdaşlıq təşkil edir. Azərbaycan özünün milli energetika siyasəti ilə əsasən Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri, qaz sektorunda isə Türkiyənin Ərzurum terminalı vasitəsilə Xəzər, Qara, Aralıq dənizləri arasında daşınmaların energetika təhlükəsizliyinin təmin edilməsinə yardım edir.

Xəbər lenti

Xəbər lenti