Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, demokratik dəyərlər və insan hüquqlarının prioritet təşkil etdiyi müasir dünyada sabitlik vacibdir. "Müasir dünyada əməkdaşlıq, sülh və təhlükəsizliyin təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir" bu fikirlər prezident İlham Əliyevin Heydər Əliyevin 85 illik yubileyi münasibətilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) çərşənbə günü "Demokratik və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda təşkil etdiyi beynəlxalq konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunub.
Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi bu il dövlət səviyyəsində qeyd olunur. Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə kimi Azərbaycan Respublikasının prezidenti olub.
İlham Əliyevin tədbir iştirakçılarına göndərdiyi məktubda deyilir ki, təcrübə göstərir ki, keçid mərhələsini yaşayan ölkələrin demokratik prinsiplərinin sosial müstəvidə möhkəmlənməsi üçün sabitliyin qorunması, davamlı inkişaf, milli birliyin təmin olunması ən vacib şərtlərdir. Azərbaycan prezidenti qeyd edib ki, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik norma və prinsiplər Azərbaycanın mövcud ictimai-siyasi mühitində aktualdır.
Beynəlxalq tədbirdə 30-dan cox ölkənin nümayəndələri iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]