Azərbaycan, Bakı, 15 may/ Trend , müxbir İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) daxil olan ölkələrin Parlament sədrləri parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələsini Afinada müzakirə edəcəklər. "İyunun doqquzunda Yunanıstan paytaxtı Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Parlament sədrlərinin görüşü keçiriləcək", - deyə cümə axşamı Trend -a açıqlamasında Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri və təşkilatın vitse-prezidenti Asəf Hacıyev bildirib.
Onun sözlərinə görə, Yunanıstan parlamentinin sədri azərbaycanlı həmkarı Oqtay Əsədovu da görüşə dəvət edib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin katibliyi də Azərbaycan Parlamentinin sədrini Afinaya dəvət edib. Əsədovun görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşməyib.
Hacıyev qeyd edib ki, iyunun 10-11-də Qara Dəniz İqtisadi Əmiəkdaşlıq Təşkilatının Baş Assambleyasının sessiyası keçiriləcək.
İclasda beynəlxalq terrorçuluq, Qara dəniz ölkələrində sosial birlik, bunun siyasi sabitliyə təsiri, xarici sərmayələr və Qara dəniz ölkələrinin iqtisadi inkişafı məsələləri müzakirə olunacaq.
Təşkilata daxil olan ölkələrin nümayəndə heyətlərinin başçıları Avropa Birliyi və Qara dəniz regionunda energetika sahəsində əməkdaşlıq məsələsini müzakirə edəcəklər.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə 12 ölkə daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]