...

Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri başa çatmışdır

Siyasət Materials 24 May 2008 00:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend / Azərbaycan Prezidenti İlham Əliyevin mayın 23-də Ukraynaya rəsmi səfəri başa çatmışdır. "Borispol" beynəlxalq hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli şəxsləri yola saldılar.

Dövlətimizin başçısı həmin gün gecə Bakıya gəldi. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna və Azərbaycan prezidentlərinin həmsədrliyi ilə geniş formatda Ukrayna-Azərbaycan danışıqları keçirildi. Danışıqlar zamanı siyasi, ticarət, iqtisadiyyat və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın geniş formatlı müzakirəsi aparıldı.

Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq barədə Bəyannamə imzalandı, habelə informasiya texnologiyaları sahəsində və dövlət xidmətinin inkişafı səhəsində hökumətlərarası saziş imzalandı.

2008-2009-cu illər üçün nəzərdə tutulan Ukraynanın Ailə İşləri üzrə Nazirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman səhəsində əməkdaşlıq Proqramı qəbul edildi.

2008-2012-ci illər üçün Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq barədə Protokol imzalandı.

İki ölkə prezidentləri beynəlxalq xarakterli aktual məsələləri, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın intesivləşdirilməsi məsələsini müzakirə etdilər.

Dövlətimizin başçısı Kiyevdə enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş sammitdə iştirak etdi.

Xəbər lenti

Xəbər lenti