Azərbaycan, Bakı, 28 may / Trend , müxbir E.Tanrıverdiyeva/ Litva prezidenti Valdas Adamkus milli bayram - Respublika Günü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Bu barədə çərşənbə günü Trend -a Litva prezidentinin mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan xalqı doxsan il bundan öncə azad və çiçəklənən ölkədə yaşamaq iradəsini bütün dünyaya bəyan edib. Bu gün siz ən mühüm məqsədlərinizi inadla reallaşdırırsınız", - deyə Adamkus öz məktubunda yazır.
"Bu gün biz GUAM təşkilatını möhkəmləndirmək üçün birgə işləyir, energetika məsələlərində əməkdaşlığımızı inkişaf etdirir, həmçinin Baltik-Xəzər-Qara dəniz regionu ölkələri arasında əlaqələri genişləndiririk. Ümid edirəm ki, ölkələrimiz yalnız regionda deyil, həm də bütün Avropada təhlükəsizlik və stabilliyə yardım göstərərək bu əməkdaşlığı davam etdirəcək", - deyə məktubda bildirilir. Litva prezidenti İlham Əliyevə ünvanladığı məktubda Avropa İttifaqı ilə yeni və daha dinamik əlaqələrin inkişaf etdirilməsi səylərində Azərbaycanı qətiyyətlə dəstəklədiyini və sabit inkişaf və rifahın möhkəmləndirilməsinə nail olunmasında buna daha səmərəli yol kimi baxdığına əminliyini ifadə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]