...

Azərbaycanın müxalifət bloku boykot qərarını rəsmiləşdirib

Siyasət Materials 30 May 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir E.Babayev/ Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku qərarını rəsmiləşdirib. "Bu ilin payızında bizi həqiqi seçkilər deyil, seçkilər adında bir tamaşa gözləyir. Blok belə bir tamaşada iştirak etmək niyyətində olmadığını və payızda keçirilməsi nəzərdə tutulan prezident seçkilərini boykot etdiyini qətiyyətlə bəyan edir" - deyə blokun yaydığı bəyanatda deyilir.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Bəyanatda blokun seçki qanunvericiyili ilə bağlı çoxsaylı tövsiyə və təkliflər verdiyi bildirilir. Bunlar seçki komissiyalarının paritet əsasda formalaşdırılması, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi, onlara təkrar səssayma hüququnun verilməsi, seçkiqabağı təbliğat prosesində bütün namizədlərə bərabər şəraitin yaradılması kimi məsələlərdir. Bəyanat müəllifləri bildiriblər ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər zamanı bu təkliflərin heç biri nəzərə alınmayıb. "Yeni layihədə diqqəti çəkən yeganə məqam 2005-ci il parlament seçkiləri zamanı dövlət başçısının sərəncamı ilə tətbiq edilmiş barmaqların görünməyən mürəkkəblə boyanması haqqında müddəanın Seçki Məcəlləsinə daxil edilməsidir. Qalan digər əlavə və dəyişikliklər ya texniki, redaktə və dəqiqləşmə xarakteri daşıyır, ya da qüvvədə olan müddəaların daha da sərtləşdirilməsi və mürtəceləşdirilməsinə xidmət edir" - deyə sənəddə vurğulanır.

Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı layihələr Azərbaycan hökuməti tərəfindən hazırlanıb. Avropa Şurası Venesiya Komissiyası layihələrə rəy verib.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində dövlət tərəfindən maliyyələşdirilən televiziya (AzTV), radio və qəzetlərdə prezidentliyə namizədlərin pulsuz təbliğat aparması qadağan olunub.

Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə əsasən, seçkilər zamanı hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv olunacaq. Dəyişikliyə əsasən, hərbi hissə seçki məntəqəsindən çox uzaqda yerləşmirsə, hərbçilər də orada səs verəcəklər. Hansı yerlərdə hərbi hissə seçki məntəqəsindən uzaqda yerləşirsə və hərbçiləri ora gətirmək çətindirsə, həmin hərbi hissələrdə məntəqələr yaradılacaq.

Əvvəlki Seçki Məcəlləsinə əsasən, hərbçilər yalnız hərbi hissələrdə səs verirdilər. Hərbi sirr olduğuna görə, hərbi hissələrdəki seçicilərin sayı açıqlanmırdı. Beynəlxalq təşkilatlar və Azərbaycan müxalifəti hərbçilərin səsvermə prosedurunun dəyişdirilməsini tələb edirdilər.

Hərbi hissələrdə olan seçicilərin adı mülki vətəndaşların seçici siyahısına daxil ediləcək. Məsələn, Bakı şəhərində yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradılmayacaq. Əsasən cəbhə bölgəsində yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradılacaq.

Başqa bir dəyişikliyə əsasən, qeydiyyatdan keçən müşahidəçilərə hərbi hissələrdə seçki prosesini izləməyə imkan veriləcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti