...

Türkiyədə dini problemlərin kökündə dünyəvilik durur – ekspertlər

Siyasət Materials 30 May 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir S.İlhamqızı, R.Hafizoğlu / Türkiyədə dindar xanımların geyim tərzi olan baş örtüyünə qadağanın davam etməsi və digər dini azlıqların azadlıq məsələsində problemlərlə üzləşməsinin kökündə dünyəvilik prinsiplərinin tam, aydın şəkildə qavranılmaması dayanır.

"Türkiyədə dünyəvilik prisiplərinin doğru şəkildə anlaşılmaması dindar insanların dini yaşam tərzində problemlərə üzləşməsinə səbəb olur" - deyə türkiyəli ekspert Sinan Ogan Trend -a bildirib.

Türkyənin xarici işlər naziri Əli Babacan çərşənbə günü Avropa parlamentdə çıxışında bildirib ki, "Türkiyədə yalnız dini azlıqlar deyil, çoxluq təşkil edən müsəlmanlar da dini azadlıq məsələsində problemlərlə üzləşirlər". Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

"Dünyəviliyin təməl prinsipi dinin dövlətdən ayrı olmasıdır. Türkiyədə dini mənsubiyyətinə, etiqadına görə heç kəs təzyiqlərə məruz qalmır" - deyə "Türksam" Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ogan cümə günü telefonla İstanbuldan bildirib.

Ekspert hesab edir ki, nazir Əli Babacanın da açıqlaması birmənalı qarşılanmayıb. Oganın fikrincə, nazir qadınların baş örtüyü ilə məktəbə, dövlət idarələrinə gedə bilməməsini nəzərdə tutub.

"Amma nazir bunun hüquqi problem olduğunu nəzərdən qaçırıb. Çünki Türkiyə Konstitusiyası və qanunları baş örtüyü ilə universitetlərə, dövlət idarələrinə daxil olmağı qadağan edir. Bu qanuna hamı riayət etməlidir" - deyə ekspert vurğulayıb.

Ogan baş örtüyü probleminin Türkiyədə son 20 ildə aktual olduğunu, problemin Fransa, Rusiya kimi ölkələrdə də yarandığını bildirib. Onun fikrincə, rəsmi şəxsin problemə belə yanaşması arzuolunmazdır.

"Cəmiyyətdəmövcud problemləri fərqli şəkildə qələmə vermək, Türkiyədə böyük bir toplumun içərisində kiçik bir problemi "bütün müsəlmanlara" aid etmək müsəlmanlara təzyiq kimi başa düşülə bilər" - deyə ekspert bildirib.

Ogana görə, bu problemləri hazırda hakimiyyətdə olan islam yönümlü partiya həll etməlidir.

Türkiyədə müsəlmanların inanc və ifadə azadlığını müdafiə edən "Məzlumder" təşkilatının sabiq direktoru Nigar Gömrükçüoğlu da hesab edir ki, ölkədə dini sahədə problemlərin yaranması hakimiyyətin dinə yanaşma tərzindən qaynaqlanır.

"Türkiyədə siyasi sistemin, qanunvericiliyin özünəməxsusluğu, həm musəlmanların, həm də digər dini azlıqların bir sıra problemlərlə üzləşməsinə səbəb olur" - deyə Gömrükçüoğlu cümə günü telefonla İstanbuldan bildirib.

Onun fikrincə, Türkiyədə müsəlmanların üzləşdiyi əsas problemlərdən biri baş örtüyü qadağasının hələ də davam etdirilməsidir.

Ekspertə görə, baş örtüyünə qoyulan qadağalar dindar xanımların ali təhsil ala bilməməsi ilə nəticələnib.

"Problem orasındadır ki, Türkiyənin Diyanet İşləri Vəqfi müsəlmanların problemlərini həll etmək iqtidarında deyil. Əksinə, Vəqfin fəaliyyəti müsəlmanların inanc və ifadə azadlığını məhdudlaşdırmaq, onları nəzarətdə saxlamaqdan ibarətdir" - deyə Gömrükçüoğlu bildirib.

Türkiyədə 20 ildən çoxdur ki, təhsil müəssisələri və dövlət idarələrinə qadınların baş örtüyü ilə daxil olması qadağandır. Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyaşının (AKP) problemin həlli ilə bağlı təşəbbüsləri Konstitusiya Məhkəməsi tərəfindən rədd edilib. Baş örtüyü probleminə baxılması işi yenə də məhkəmədədir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti