...

Müxalifət deputat qrupu "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna yenidən dəyişikliklər hazırlayıb

Siyasət Materials 4 İyun 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupu "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna yenidən dəyişiklik edilməsi üçün layihə hazırlayıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda boşluqlar var və bu, vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır", - deyə çərşənbə günü Trend -a açıqlamasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycan parlamenti mayın 30-da "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik edib. Hazırda qüvvədə olan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1998-ci ildə qəbul olunub. 2005-ci ildə qanuna əlavə və dəyişikliklər edilməsi üçün layihənin hazırlanmasına başlanılıb. Azərbaycan hökumətinin hazırladığı layihəyə Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy verib.

Dəyişikliyə əsasən, Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərə və xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüququ verilib. Bundan başqa, toy, yas mərasimlərini kütləvi aksiyaya çevirmək qadağan edilib. Dövlət orqanları qarşısında aksiya keçirmək üçün 300 metrlik məsafə 200 metrə qədər azaldılıb. Kütləvi aksiyaların təşkitatçıları 5 gün əvvəl şəhər və rayon İcra Hakimiyyəti orqanlarına müraciət etməlidirlər. İcra Hakimiyyətı orqanları isə aksiyanın təyin olunduğu günə 3 gün qalmış təşkilatçılara cavab verməlidir. Məhkəmələr isə 2 gün müddətində kütləvi aksiyanın keçirilməsi ilə bağlı şikayətlərə baxmalıdır.

Kütləvi aksiyalar yalnız İcra Hakimiyyəti orqanlarının icazə verdiyi yerlərdə keçirilə bilər.

Hüseyn qeyd edib ki, qanunda edilən dəyişikliyə əsasən, aksiyalar İcra Hakimiyyəti orqanlarının icazə verdikləri yerlərdə keçirilə bilər: "Müsavat deputat qrupunun hazırladığı layihədə isə İcra Hakimiyyəti orqanları tərəfindən xüsusi qadağa qoyulmayan bütün yerlərdə aksiyaların keçirilməsinin mümkün olduğuna dair maddə var".

Onun sözlərinə görə, layihədə küçə yürüşləri üçün ayrılan yerlərin sayının artırılması da nəzərdə tutulub.

Deputat qeyd edib ki, hazırladıqları layihədə İcra Hakimiyyəti orqanlarının aksiya təşkilatçılarına cavab verməsi mexanizmi də dəyişdirilib: "Qanuna görə, İcra Hakimiyyəti orqanları aksiyanın təyin olunduğu günə üç gün qalmış təşkilatçılara cavab verməlidir. Bizim hazırladığımız layihədə isə İcra Hakimiyəti orqanlarına müraciət təqdim olunandan iki gün sonra müraciətə cavab verilməsi nəzərdə tutulub".

Layihə yaxın günlərdə parlamentə təqdim olunacaq.

Müsavat deputat qrupunun beş üzvü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti