...

Buşun Avropa turnesi Abxaziyaya münasibəti dəyişməyəcək – ekspertlər

Siyasət Materials 11 İyun 2008 15:17 (UTC +04:00)
Buşun Avropa turnesi Abxaziyaya münasibəti dəyişməyəcək – ekspertlər

Rusiya, Moskva, 11 iyun / Trend , müxbir R.Ağayev, A.Qasımova, N.Kirtsxalia/ ABŞ prezidenti Corc Buşun Avropa turnesi onun avropalı həmkarlarının Abxaziyanın statusu üzrə Gürcüstan-Rusiya probleminə münasibətlərini çətin ki, dəyişsin.

Avropalı ekspert Cef Mankof hesab edir ki, Buşun avropalı həmkarları ilə Abxaziya mövzusu ilə bağlı ümumi dil tapmaq üçün yaxşı şansı var, lakin avropalılar Moskva ilə qarşıdurmaya ola bilsin ki, az meylli olsunlar.

Gürcüstan-Rusiya mübahisəsi Buşun çərşənbə axşamı Aİ-ABŞ sammitinin keçirildiyi Sloveniyadan başlayan səkkiz günlük Avropa turnesi üzrə gündəliyin əsas mövzularından biridir.

"Praktiki nöqteyi-nəzərdən ABŞ və Avropanın imkanları bir qədər məhdudlaşdırılıb. Bundan əlavə, Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü tanımağa necə çağırmaq olar?" - deyə çərşənbə axşamı Trend -a Avropa Şurasının xarici əlaqələr üzrə elmi əməkdaşı Mankof bildirib.

Onun sözlərinə görə, hətta Medvedyev vaxtı ilə Rusiya qapılarının Tbilisi ilə danışıqlara açıq olduğuna işarə etmişdi və Moskva Abxaziyaya münasibətdə "müstəqillik" sözünü istifadə etməkdən faktiki olaraq çəkinir. "Mən Buşun səfəri zamanı ABŞ və Avropanın mövqelərinin əhəmiyyətli dərəcədə fərqlənəcəyini düşünmürəm", - deyə Yels Universitetinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşı Mankof əlavə edib.

Rusiyalı ekspert Mixail Remizovun rəyinə görə, mənəvi olaraq hamı Rusiyanın mövqeyini ittiham edir, lakin əgər söhbət praktiki dəstək tədbirlərindən gedirsə, bu halda burada Ştatlar tərəfindən nəinki hansısa razılıq, həmçinin ciddi təşəbbüs də olmayacaq. "Bu yerdə amerikalı senatorların Abxaziyaya səfərini xatırlatmaq olar. Bu səfər amerikalıların hər iki tərəf ilə dialoq aparması və Abxaziyanın perspektivdə Rusiyanın əlindən deyil, ABŞ-ın əlindən legitimlik əldə edə bilməsi barədə danışmaq üçün bəhanə oldu", - deyə Trend -a RF-nin Milli Strategiya İnstitutunun prezidenti Remizov bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropanın nizamlanmamış münaqişələr, o cümlədən Gürcüstandakı münaqişələrlə bağlı mövqeyi eynidir. Onun bildirdiyinə görə, fərq yalnız bəzi avropalıların Gürcüstanı NATO-da görmək istəməməsi ilə bağlıdır, yaxınlaşma da Fransa, Almaniya və bəzi digər ölkələrin Gürcüstanı NATO-ya qəbul etmək istəməməsinə baxmayaraq, məhz bu məsələ üzrədir.

"İş ondadır ki, bunu istəməyənlərdə bu məsələ ilə bağlı dəqiq strateji mövqe yoxdur. Amerikalıların mövqeyinin əsas üstünlüyü isə onun strateji mahiyyət daşımasındadır. NATO - demokratik seçimi olan ölkələrin müəyyən edilmiş təhlükəsizlik cəmiyyətidir və o, böyük Rusiya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərdən imtina etməməlidir. Avropa Amerikanın bu prinsipiallığına qarşı yalnız vaxtı ilə məhdudlaşdırılmış müəyyən situativ arqumentlərdən başqa heç nə qoya bilmir", - deyə ekspert bildirib.

"Buna baxmayaraq, hazırda nizamlanmamış münaqişələri heç kim həll etmək iqtidarında deyil, buna görə də mən düşünmürəm ki, Buşun avropalılarla danışıqları Saakaşvilinin mümkün güc fəaliyyətini hansısa dəstək ilə təmin etmək üçün lazım olsun. Bütün bunlara əsasən demək olar ki, regionda birbaşa güc əməliyyatları planlaşdırılmır", - deyə Remizov əlavə edib.

Gürcüstanlı ekspert Arçila Qeqeşidzenin fikrincə, ABŞ prezidenti Buş Avropa turnesi çərçivəsində Gürcüstan-Rusiya münasibətlərinə toxunaraq, beynəlxalq arenada Gürcüstan məsələsinin aktuallığının möhkəmləndirilməsinə yardım edəcək.

"ABŞ və Avropa İttifaqı (Aİ) formatında Abxaziydakı münaqişə ilə əlaqədar Gürcüstan-Rusiya münasibətlərinin nəzərdə keçirilməsi Aİ-yə uzlaşdırılmış fəaliyyət hazırlamaq imkanı verəcək. Bu, Aİ-yə gələcəkdə Gürcüstan ətrafında yaranan vəziyyətin normallaşdırılması üzrə məsələni Avropa İttifaqı sammitində, daha sonra isə Hantı-Mansiyskdə keçirilən Aİ və Rusiya sammitində müzakirə etmək imkanı verəcək", - deyə Trend -a politoloq Qeqeşidze bildirib.

Qeqeşidze əlavə edib ki, Gürcüstan problematikasının geniş formatda nəzərdən keçirilməsi bu günə qədər "nadir bir hal idi" və "əgər bu sistematik mahiyyət daşıyarsa, böyük əhəmiyyət kəsb edəcək".

Prezident Buş Sloveniya, Almaniya, İtaliya, Vatikan, Fransa və Böyük Britaniyaya səfər edəcək, həmçinin Aİ və ABŞ sammitində iştirak edəcək. Sammit çərçivəsində Gürcüstan və Rusiya münasibətlərinə dair birgə bəyanatın qəbul ediləcəyi gözlənilir.

SSRİ-nin dağılmasından sonra Gürcüstan SSR-nin tərkibində muxtariyyət statusuna malik olan Abxaziya və Cənubi Osetiya öz müstəqilliklərini elan etdilər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarətinin itirilməsi ilə nəticələnən silahlı münaqişədən sonra nəticəsiz sülh danışıqları aparılır. Tbilisi regionlara Gürcüstanın tərkibində geniş muxtariyyət təklif edir, lakin bu, separatçıları qane etmir.

Xəbər lenti

Xəbər lenti