...

Azərbaycanın müxalif partiyasında qeyri-müəyyənlik yaranıb

Siyasət Materials 18 İyun 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyasında qarşıdan gələn prezident seçkilərində iştirakla bağlı ciddi qeyri-müəyyənlik yaranıb. "Şəxsən mən özüm indiki şəraitdə seçkiyə getməyin, yoxsa getməməyin tərəfdarı olduğumu müəyyən edə bilmirəm", bunu jurnalistlərə açıqlamasında Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Bundan başqa, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. Bundan sonra Müsavat seçkidə iştirak qərarını partiyanın yerli strukturlarında yenidən müzakirə etməyə başlayıb.

Hacılı bildirib ki, partiya daxilində vəziyyət ciddi şəkildə öyrənilir. "Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. Bu müzakirələrin nəticələrini də analiz edəcəyik", - deyən Hacılı vurğulayıb ki, yekun qərarın bu ayın sonu verilməsi gözlənilir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti