...

Azərbaycanda korrupsiyaya qarşı tədbirlər çərçivəsində qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq -Prezidentin İcra Aparatının rəhbəri

Siyasət Materials 26 İyun 2008 15:10 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı tədbirlər çərçivəsində qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq -Prezidentin İcra Aparatının rəhbəri

Azərbaycan, Bakı, 26 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri hesab edir ki, ölkədə bələdiyyələrin torpaqların idarə edilməsində hərrac mexanizmindən istifadə etməsi bu sahədə şəffaflığın təmin olunmasına şərait yaradacaq. "Yaranmış vəziyyət bəzi bələdiyyə sədrləri üçün əsl sınağa çevrilib. Torpağı təkbaşına satmaq hüququndan məhrum olandan sonra hətta tutduğu vəzifəsindən könüllü uzaqlaşmaq istəyən bələdiyyə sədrləri haqqında məlumatlar da var". Trend -un AzərTAc agentliyinə istinadən verdiyi məlumata görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev iyunun 25-də Yevlax şəhərindəki Heydər Əliyev adına Sarayda Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin iştirakına dair bələdiyyə sədrlərinin II ümumrespublika toplantısında bəyan edib.

Trend -un arayışı: Bu il Milli Məclisin yaz sessiyasında bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişiklik edilib. Belə ki, bələdiyyələrə məxsus torpaqlar hərrac yolu ilə satılacaq. Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları əsasında ötən il 25 cinayət işi, bu ilin ötən dövrü ərzində isə 8 cinayət işi başlanıb, Qobustan rayonunun Şıxzahirli bələdiyyəsinin sədri Arif Güləliyev, Zərdab rayonunun Dəliquşçu bələdiyyəsinin sədr müavini Şirvan Mehralıyev müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər, digərləri şərti cəza alaraq cərimə olunublar. Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsinin sabiq sədri Məcnun Əliyev 2007-ci ilin dekabr ayında korrupsiya ilə əlaqədar MTN əməkdaşları tərəfindən saxlanılıb. Salyan rayonunun Kürsəngi bələdiyyəsinin sədri İxtiyar Aydınov şəxsi qazanc məqsədi ilə qanunsuz torpaq satışı, görülmüş işlərin həcminin süni surətdə şişirdilməsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunub, sədrliyinə xitam verilib.

Mehdiyev bildirib ki, bu hal müəyyən çatışmamazlıqların aradan qalxmasına xidmət edəcək. "Heç bir bələdiyyə unutmamalıdır ki, dövlət torpaqları onlara dağıtmaq üçün verməyib. Nə də ki, bu torpaqlar onlara miras qalmayıb", - deyən Mehdiyev əlavə edib ki, bələdiyyə və dövlət ehtiyat fondu torpaqlarının qeyri-qanuni satışı, icarəyə verilməsi ilə bağlı vəziyyət Saatlı rayonunda xüsusilə acınacaqlı olub. Rayon İcra Hakimiyyətinin bir başçısı 1500 hektar torpaq sahəsini öz qohum-əqrəbasına, vəzifəli şəxslərə, hətta pozucu qüvvələrə paylayıb, digəri isə qanunsuzluqları aradan qaldırmaq əvəzinə bu biabırçılıqları davam etdirib. "Ümumiyyətlə, aparılmış təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində daha tez-tez rast gəlinən qanunsuzluqlar torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədardır", - deyə İcra Aparatının rəhbəri bildirib.

Mehdiyevin sözlərinə görə, bələdiyyələrə öz şəxsi pul mənbəyi kimi baxanlar birmənalı şəkildə anlamalıdırlar ki, ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər çərçivəsində qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq, müqəssirlər qanun qarşısında tam məsuliyyətlə cavab verəcəklər. "Növbəti bələdiyyə seçkilərinə hazırlaşarkən ötən mərhələdə buraxılmış səhvlərdən ciddi nəticə çıxarılmalı, elə mühit yaradılmalıdır ki, bələdiyyə sıraları savadlı, müasir, təmiz əqidəli, doğulduğu torpağı ürəkdən sevən vətəndaşlar hesabına formalaşsın, onların arasında qadınların və gənclərin xüsusi çəkisi artsın", - Mehdiyev əlavə edib.

Mehdiyev deyib ki, əhalinin bələdiyyələrə olan münasibətinin həssas indikatorlarından biri onların mərkəzi icra orqanlarına, o cümlədən Prezidentin İcra Aparatına etdikləri müraciətlərdir. 2007-ci ildə Aparata bələdiyyələrlə bağlı 1241, bu ilin 5 ayı ərzində isə 452 müraciət daxil olub. Təhlillər göstərir ki, əksər vətəndaşları ölkə prezidentinə müraciət etməyə vadar edən səbəb onları narahat edən məsələlərə yerlərdə qeyri-obyektiv baxılması və ya biganə münasibətdir. Mehdiyev bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsinin də hazırda Milli Məclisdə müzakirə olunduğunu qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti