...

AŞPA Bürosu Azərbaycanla bağlı məsələni müzakirə etməyib

Siyasət Materials 27 İyun 2008 15:06 (UTC +04:00)
AŞPA Bürosu Azərbaycanla bağlı məsələni müzakirə etməyib

Fransa, Strasburq, 27 iyun / Trend , müxbirlər A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycanla bağlı məsələni müzakirə etməyib. "Bu gün AŞPA Bürosunun iclası keçirildi", - deyə iclasdan sonra Strasburqda jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidov vurğulayıb ki, Büronun iclasında AŞPA sədri Marie de Puçun iyun ayının sonunda Azərbaycana səfər etməsi təsdiqlənib.

AŞPA Bürosunda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması məsələsinin müzakirə ediləcəyi gözlənilirdi. AŞPA-nın çərşənbə günü keçirilən iclasında Azərbaycanla bağlı "Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti" adlı 11627 saylı qətnamə qəbul olunub.

Həmməruzəçilərin hazırladıqları hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var.

Qəbul olunan qətnamədə qeyd olunub ki, AŞPA Azərbaycan hakimiyyətini Natiq Əfəndiyev, Rasim Ələkbərov, Ruslan Bəşirli, Akif Hüseynov və Telman İsmayılovu humanitar əsaslarla azadlığa buraxmaq məsələsini müzakirə etməyə çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti