...

Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xarici siyasəti hücum mahiyyəti daşımalıdır - prezident

Siyasət Materials 7 İyul 2008 18:07 (UTC +04:00)
Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi  ilə bağlı xarici siyasəti hücum mahiyyəti daşımalıdır - prezident

Azərbaycan, Bakı, 07 iyul / Trend müxbir A.Əliyev / Azərbaycanın xarici siyasəti Ermənistan-Azərbaycan münaqişəsi xüsusunda hücum mahiyyəti daşımalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycanın xarici diplomatik nümayəndəlikləri rəhbərlərinin üçüncü müşavirəsində çıxış edərkən bildirib.

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi barədə reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan diplomatlarının əsas vəzifəsidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Dövlət başçısı bildirib ki, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə mühakimə olunmalıdır.

Onun sözlərinə görə, diplomatlar xarici siyasət prioritetlərinin həyata keçirilməsi və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında böyük məsuliyyət daşıyırlar.

Prezident qeyd edib ki, diplomatlar akkreditə olunduqları ölkələrin dövlət strukturları ilə sıx münasibətlərdə Azərbaycanın siyasi və iqtisadi maraqlarının müdafiəsi sahəsində səylərini artırmalıdırlar.

Azərbaycanın dünyanın 160 ölkəsi ilə dimlomatik münasibətləri var. Bu gün Azərbaycanda 57 ölkənin konsulluq və səfirliyi, həmçinin, beynəlxalq təşkilatların bir sıra nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycan 56 ölkə və beynəlxalq təşkilatda öz nümayəndəliyini açıb.

Azərbaycanın 47 səfirliyindən 30-u 2004 -2008 -ci illərdə fəaliyyətə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti