Azərbaycan, Bakı, 31 iyul/ Trend müxbir E.Babayev/ Hakim "Yeni Azərbaycan" Partiyasının (YAP) dördüncü qurultayında hazırki dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. Bu barədə cümə axşamı partiyanın mətbuat xidmətindən Trend -a məlumat veriblər.
Partiyanın təxminən 650 - dək nümayəndəsinin iştirak edəcəyi qurultay avqustun 2-də, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək.
İndiyədək Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb.
Hakimiyyətyönlü "Ana Vətən" və "Sosial Rifaf" partiyaları İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul ediblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.
YAP Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin sədriliyi ilə 1992- ci ildə yaradılıb. Hazırda 15 il ərzində hakimiyyətdə olan partiyanın sədri prezident İlham Əliyevdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]