Azərbaycan, Bakı, 02 avqust / Trend müxbir C.Babayeva/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisi şənbə günü partiyanın prezident seçkisində öz namizədi ilə iştirak etməməsi barədə qərar qəbul edib. Bu barədə Trend -a BQP sədri Fazil Qəzənfəroğlu məlumat verib.
"Partiya prezident seçkisində başqa namizədi dəstəkləməyəcək və partiya üzvləri istədikləri namizədə səs verə bilərlər", deyə Qəzənfəroğlu bildirib.
BQP-nin prezident seçkisində öz namizədi ilə iştirak etməməsi səbəbini Qəzənfəroğlu Azərbaycanda seçkinin barəbar şəraitdə keçirilməsi imkanlarının məhdudlaşdırılması ilə izah edib.
Trend -un arayışı: Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.
İndiyə qədər Azərbaycan prezidenti vəzifəsinə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycanın Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi irəli sürülüb. Azərbaycan Demokrat Partiyası prezident seçkisində hər hansı bir formada iştirak etməmək barədə qərar qəbul edib. Müsavat partiyası seçkidə iştirakdan imtina edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend