...

Gürcüstanda hərbi vəziyyət ləğv ediləcək

Siyasət Materials 2 Sentyabr 2008 17:49 (UTC +04:00)
Gürcüstanda hərbi vəziyyət ləğv ediləcək

Gürcüstan, Tbilisi, 02 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Sabahdan Gürcüstanda hərbi vəziyyət ləğv edilir. Hələ də Rusiya işğalı altında olan ərazilərdə isə, hərbi vəziyyətin yerinə fövqəladə vəziyyət elan ediləcək.

Gürcüstan parlamentinin sədri David Bakradze parlament bürosunun çərşənbə axşamı keçirilən iclasında bəyan edib ki, ölkənin inkişafı üçün başqa mərhələyə keçmək lazımdır, belə ki, ölkədə elan edilən hərbi vəziyyət dövlətin iqtisadiyyatına böyük problemlər yaradır.

"Gürcüstan iqtisadiyyatını gücləndirmək üçün hərbi vəziyyəti ləğv edərək, işğal qoşunlarının dayandığı ərazilərdə fövqəladə vəziyyət elan edəcəyik ki, respublika normal rejimə qayıtsın. Lakin əlavə edim ki, hərbi vəziyyətin ləğvi bizim müqavimətimizin azalması və yaranmış vəziyyətlə barışmamız demək deyil. Sadəcə, belə qərarın qəbulu dövlətin maraqlarından çıxış edir", - Bakradze əlavə edib.

Fövqəladə vəziyyət Abxaziya və Cənubi Osetiya ərazilərini əhatə edəcək. Parlamentin növbədənkənar iclası sabah saat 16.00 - da başlayacaq. Parlament avqustun 9 - da ölkədə iki həftəlik hərbi vəziyyət elan edilməsi haqqında qərar qəbul edib. Avqustun 23 - də parlament bu müddəti daha iki həftə - sentyabrın 7- dək uzadıb.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti