...

Gürcüstan azərbaycanlılarının problemlərinin həllinə köməklik üçün bu ölkənin ombudsmanına müraciət olunub

Siyasət Materials 4 Sentyabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK) üzvləri Gürcüstana səfər çərçivəsində Cənubi Osetiya münaqişəsindən sonra bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə də yaxından tanış olublar. "Qori şəhərinin Tedotsminda kəndində yaşayan azərbaycanlıların vəziyyəti münaqişədən sonra da acınacaqlıdır. Hazırda onların bir sıra ehtiyacları var", - deyə cümə axşamı Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində AAMİK-in üzvü, Helsinki Vətəndaş Assambleyasının Bakı nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva Komitə üzvlərinin Gürcüstana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin üzvləri Helsinki Vətəndaş Assambleyasının Bakı nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev, Hümanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov avqustun 28-dən sentyabrın 2-nə qədər Gürcüstanda səfərdə olublar. Səfər zamanı onlar Gürcüstanın dövlət qurumları, qeyri-hökumət təşkilatalrı və müxalifətlə görüş keçiriblar. Səfərin əsas məqsədi Azərbaycan ictimaiyyətinin Gürcüstan cəmiyyətinə mənəvi dəstəyini çatdırmaq olub. AAMİK həmçinin Cənubi Osetiya münaqişəsi nəticəsində qaçqın düşmüş şəxslərə humanitar yardım aparıb.

Abudllayeva bildirib ki, əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Tedotsmində kəndində məktəbin olmadığı və kəndin su təminatı ilə bağlı problemi olduğu məlum olub. "Gürcüstan müharibə zamanı dağıdılmış infrastrukturun bərpası üçün böyük məbləğdə yardım alacaq. Gürcüstan ombudsmanı Sozar Subari ilə görüşdə azərbaycanlıların məskunlaşdığı kəndlərdə də mövcud problemlərin həllinə köməklik göstərmək üçün ona müraciət olunub", - deyə o bildirib.

Mətbuat konfransında çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib ki, münaqişə zamanı azərbaycanıların məskunlaşdığı kəndlərə ciddi ziyan dəyib. "Həmin kəndlərdə əkin sahələri yanıb. Münaqişə məhsul yığımı dövrünə düşdüyünə görə, qışda azərbaycanlılar çətinliklərlə üzləşəcək", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti