...

Ermənistan rəhbərliyi problemlərin həlli üçün güclü iradə nümayiş etdirir - Əli Babacan

Siyasət Materials 10 Sentyabr 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend /Türkiyə xarici işlər naziri Əli Babacan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan problemlərinin həlli üçün Ermənistan tərəfində güclü siyasi iradənin olduğunu bildirib.

Türkiyənin NTV kanalına müsahibə verən Türkiyə xarici işlər naziri Əli Babacan Türkiyə-Ermənistan qarşılıqlı əlaqələrində yeni bir dövrün və sürətli dialoqun başlanğıcının qoyulduğunu bildirib. Ölkəsi ilə Ermənistan arasında bir çox problemlərin olduğunu xatırladan türkiyəli nazir Qarabağ torpaqlarının işğalına cavab olaraq Türkiyənin 1993-cü ildə Ermənistanla sərhədləri bağladığını bildirib. Babacan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həllinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edəcəyini bildirib. Türkiyə xarici işlər idarəsinin rəhbəri Ermənistan tərəfinin Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün üç ölkənin xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsi ilə bağlı təklifi qəbul etdiyini bildirib. O, Qafqaz kimi kiçik bir bölgədə problemlərin üçtərəfli bir platforma çərçivəsində müzakirəsinin onların həllini asanlaşdıracağını deyib.

Üç ölkə prezidentlərinin görüşünün hazırda gündəmdə olmadığını bildirən Babacan münasib vaxtda hər üç tərəfin razılığı əsasında belə bir görüşün baş tutmasının mümkün olduğunu ifadə edib.

Dağlıq Qarabağ probleminin qısa zamanda həll olunması mümkünlüyü ilə bağlı suala cavab verən Babacan münaqişənin həllində Türkiyənin əlindən gələni edəcəyini bildirib.

Babacan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan problemlərinin həlli üçün aparılan danışıqların bundan sonra sürətlənəcəyini bildirib.

O, problemlərin həll edilməsi üçün mühüm amil olan siyasi iradənin Ermənistan rəhbərliyində olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti