...

Özbəkistan prezidenti Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

Siyasət Materials 12 Sentyabr 2008 01:12 (UTC +04:00)
Özbəkistan prezidenti Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

Azerbaydcan, Bakı. 11 sentyabr / Trend / Cümə axşamı Bakıda Azərbaycan və Özbəkistan arasında bir sıra hökümətarası sənədlərin imzalanma mərasimindən sonra iki ölkə başçısı bəyanatla çıxış edib.

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan həmkarı İslam Kərimovun Bakıya səfərini mühüm hadisə kimi qiymətləndirib. O, bu səfərin və onun nəticələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində çox mühüm rol oynayacağını bildirib.

"Xalqlarımız və ölkələrimiz arasında ənənəvi əlaqələr dövlətlərimiz müstəqillik əldə edəndən sonrakı dövrdə bizim regionda, Mərkəzi Asiya, Xəzər, Qafqaz regionunda mühüm rol oynayır. Regional əməkdaşlıq da bizim birgə fəaliyyətimizin mühüm istiqamətidir. Lakin şübhəsiz ki, bizim ikitərəfli münasibətlərimiz birinci yerdə dayanır", - İlham Əliyev dedi.

Regiondakı münaqişələrdən, o cümlədən erməni-azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq İlham Əliyev dedi ki "Biz istəyirik ki, regionumuzda sülh olsun, bütün Qafqazda sabitlik bərqərar olsun, bizim regiondakı münaqişələr beynəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll edilsin. Bu halda bizim regionda əməkdaşlıq üçün lap çox imkan olacaqdır".

Azərbaycan prezidenti ölkələr arasında iqtisadi əməkdaşlığın böyuk potensiala malik olduğunu da vurğuladı. "Biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz, daha sıx kooperasiyaya, müştərək istehsalatlar yaradılmasına, investorların marağı olarsa, müştərək investisiyalara şərait yaradan layihələr olsun", - İlham Əliyev dedi.

İslam Kərimov öz növbəsində Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığımı bildirdi: "Biz ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini ətraflı müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. Biz müzakirə edilən məsələlərin əksəriyyəti barədə mövqelərimizin üst-üstə düşməsini və ya oxşar olmasını qeyd etdik".

O, səfər çərçivəsində dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə Azərbaycan və Özbəkistan tərəfləri arasında bağlanmış müqavilələrin ölkələr arasında münasibətlərin inkişafına böyük təkan verəcəyini, qarşılıqlı surətdə faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacağını ümüdvar olduğunu bildirdi.

Dağlıq Qarabağ problemindən söz açan İslam Kərimov dedi: "Özbəkistan tərəfi bir daha təsdiq etdi ki, o, Dağlıq Qarabağ probleminin sülh yolu ilə, siyasi yolla həllinin tərəfdarı olmuşdur və olacaqdır. Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur".

Xəbər lenti

Xəbər lenti