...

BMT-nin faktların müəyyənləşdirilməsi üzrə missiyası Gürcüstana gəlir

Siyasət Materials 17 Sentyabr 2008 12:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə günü Gürcüstana  BMT-nin faktların müəyyənləşdirilməsi üzrə missiyası gəlir. Missiya ölkədəki humanitar və insan hüquqları ilə bağlı vəziyyəti qiymətləndirəcək, eləcə də əhalinin yardıma olan ehtiyacını müəyyənləşdirəcək.

BMT-nin faktların müəyyənləşdirilməsi üzrə missiyası sentyabrın 17-dən 20-dək Cənubi Osetiyaya, Qori və Tbilisi daxil olmaqla son münaqişədən zərər çəkmiş digər rayonlara baş çəkəcək. Missiya üzvləri Moskvada da olacaqlar.

Bu missiyanın səfəri ilə bağlı nəticələrdən avqustun 18-də elan edilmiş BMT-nin Gürcüstana humanitar yardım çağırışına yenidən baxılmaq üçün istifadə ediləcəyi gözlənilir. Çağırışda BMT donorlardan Cənubi Osetiya münaqişəsi ətrafında zərər çəkmiş təxminən 130 min insana yardım göstərilməsi üçün 58,6 milyon dollar istəyib.

Faktların müəyyənləşdirilməsi üzrə missiyaya BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə İdarəsi rəhbərlik edəcək. Onun tərkibinə BMT-nin Uşaq Fondu (YUNİSEF), BMT-nin Inkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-inin Insan Hüquqları üzrə Ali Komissarının İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ərzaq Proqramının nümayəndələri daxil olacaq.  

Xəbər lenti

Xəbər lenti