...

Azərbaycanın hüquq-mühafizə orqanları Bakıdakı silahlı toqquşma ilə bağlı məlumat yayıb

Siyasət Materials 3 Oktyabr 2008 13:18 (UTC +04:00)
Azərbaycanın hüquq-mühafizə orqanları Bakıdakı silahlı toqquşma ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir S.Kazımlı/ Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu polisə silahlı müqavimət göstərən Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən cümə günü Trend -a daxil olan məlumatda qeyd edilib ki, 2008-ci il oktyabrın 1-də Maştağa qəsəbə sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sentyabrın 29-da saat 17:00 radələrində həmyerlisi, əvvəllər məhkum olunmuş Fərhad Quliyev tərəfindən tapança ilə hədələnməsi və "Nissan Murano" markalı avtomaşınının zorla əlindən alınması barədə xəbər verib.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) və qanunsuz olaraq odlu silah saxlama (228-ci) maddələri ilə axtarılan Fərhad Quliyevin tutularaq istintaqa təhvil verilməsi məqsədilə dərhal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı Quliyevin quldurluq yolu ilə əldə etdiyi "Nissan-Murano" markalı avtomobillə Ramana qəsəbəsi ərazisində hərəkət etməsi müəyyən olunub və ondan könüllü təslim olması tələb edilib. Quliyev və onunla birlikldə avtomobildə olan yaxın qohumu Azad Quliyev polisin qanuni tələblərinə tabe olmaqdan imtina edib, ətrafda olan çoxsaylı insanların həyatı üçün təhlükə yaratmaqdan çəkinməyərək, ümumi təhlükəli üsulla tapançadan atəş açaraq əməliyyat qrupunun üzvlərinə silahlı müqavimət göstəriblər. Asayiş keşikçilərinə yönəlmiş odlu silahla müşayiət olunan zorakılığın qarşısı alınarkən Fərhad və Azad Quliyevlər zərərsizləşdirilərək məhv ediliblər.

Hadisə yerinə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, onun gilizləri, 1 ədəd "F-1" tipli qumbara, 1 xəncər, 16 ədəd patron və narkotik vasitə aşkar edilərək götürülüb.

Məlumatda bildirilir ki, Quliyev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən qəsdən adam öldürmə və qanunsuz odlu silah gəzdirməyə görə cinayət məsuliyyətinə cəlb edilib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. O, cari ilin sentyabrın 1-də Maştağa qəsəbəsində odlu silahdan atəş açaraq həmyerlisi Hidayət Hüseynovu da qətlə yetirib və istintaqdan yayınıb. Bu cinayəti törədərkən Quliyevin istifadə etdiyi "TT" markalı tapança polis əməkdaşları tərəfindən elə həmin gün qohumlarının birindən götürülüb, sentyabrın 4-də isə onun həyətində olan "Lincoln" markalı avtomobilə baxış zamanı daha bir odlu silah - "Mauzer" tipli tapança aşkar edilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]                                  

Xəbər lenti

Xəbər lenti