Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Qəzənfəroğlu ölkənin xarici siyasətində dəyişiklik etməyəcəyini bildirib.
"İndiki xarici siyasət kursunda ciddi dəyişikliklər planlaşdırmıram və qonşu dövlətlərlə münasibətlərin daha da yaxşılaşdırılmasının tərəfdarıyam", Trend -un məlumatına görə, bu gün MDB Müşahidə Missiyasının rəhbərinin müavini Oleq Kuleba ilə görüşündə prezidentliyə namizəd Qəzənfəroğlu bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.
Bununla belə, BQP başqanı prezident seçiləcəyi təqdirdə əsas hədəfinin Azərbaycanın Avropa Birliyinə üzv olacağını qeyd edib.
"Ölkənin Avropa Birliyinə üzv olması Azərbaycanın xarici siyasət kursunun Qərbə yox, Qərb dəyərlərinə yönəlməsi kimi qəbul edilməlidir", - prezidentliyə namizəd görüşdə qeyd edib.
Prezidentliyə namizəd missiya rəhbərinin müavininə əhalinin orta təbəqəsinin, ziyalıların, hərbçilərin və keçmiş hərəkatçıların dəstəyinə ümid etdiyini və səsvermənin nəticələri saxtalaşdırılmasa, kifayət qədər səs toplayacağına əmin olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]