Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanda yeni siyasi mədəniyyət formalaşır, - Azərbaycan prezidenti İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov hesab edir.
"Seçkilərdə uduzmuş müxalifət namizədlərinin hakim partiyanın namizədini qələbə münasibətilə təbrik etməsi faktını, formalaşan yeni siyasi mədəniyyət kimi qiymətləndirirəm ki, onun da cəmiyyətimizdə yeri çoxdan yetişib", - cümə axşamı Trend -a Aslanov bildirib.
Siyasətdə nəzakət və mədəni rəqabət bacarığı çox vacibdir. Əgər bu yoxdursa, deməli, siyasət sənin yerin deyil, - o hesab edir.
İlham Əliyevi təbrik edən namizədlər öz siyasi nəzakətlərini göstəriblər. Bu, Azərbaycanda demokratik özünüdərkin tədricən yaxşılaşmasına sübutdur.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Ilkin nəticələrinə əsasən, İlham Əliyev seçicilərin 89,04 faiz səsini toplayıb. Bu barədə cümə axşamı Azərbaycaın Mərkəzi Seçki Komissiyası elan edib.
Dövlət rəhbəri vəzifəsinə yeddi namizəd irəli sürülüb - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
MSK- nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.
Seçkinin təşkili ilə bağlı beynəlxalq təşkilatların artıq söylədiyi müsbət rəy, hakimiyyətin açıq, demokratik və azad seçkilərin keçiriləcəyinə əminliyinin əsaslı olduğunu nümayiş etdirdi, - Aslanov qeyd edib.
"Azərbaycan cəmiyyəti azad iradə nümayiş etdirməklə, növbəti beş il üçün ölkənin siyasi və iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. Azərbaycan cəmiyyəti məhz effektiv təşəbbüslərə, ictimai - siyasi həyatın modernləşdirilməsinə, innovasiyalı iqtisadi inkişafa səs verib", - şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, bu gün aydındır ki, son beş ildə reallaşdırılmış siyasət özünün müsbət bəhrələrini verib. Azərbaycan cəmiyyəti islahatlara və hər bir Azərbaycan vətəndaşının müstəsna inkişafına və rifahına istiqamətlənmiş təşəbbüslərə "Hə!"dedi.
Aslanov seçkidə seçicilərin yüksək fəallığını demokratik inkişaf göstəricisi hesab edir. "Əminliklə demək olar ki, hər bir seçki həm özünün keçirilməsi, həm də açıqlığı və şəffaflığı səviyyəsinə görə digərindən xeyli fərqlənir. Seçicilərin fəallığı, hər bir vətəndaşın seçkilər vasitəsilə iradəsini bildirərək, öz seçimi və hakimiyyətin məsuliyyəti arasında aydın qarşılıqlı əlaqənin yarandığı effektiv idarəetmə sisteminin tərkib hissəsi olmaq cəhdinin təcəssümüdür", - Aslanov qeyd edib.
"Seçicilər görür və başa düşürlər ki, dövlətin gələcəyi həll olunduğu seçkilərdə fəal iştirak etməklə, onlar reallaşdırılan layihə və təşəbbüslərin gələcək müvəffəqiyyətini təmin edirlər və seçicilərin yüksək fəallığı da məhz bununla izah edilir", - Aslanov bildirib.