...

Azərbaycan müxalifətində yeni siyasi qüvvəyə ehtiyac var - baş redaktor

Siyasət Materials 27 Oktyabr 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətində yeni siyasi qüvvəyə ehtiyac var.

"Cəmiyyətdə və müxalifətdə yeni siyasi qüvvəyə çox ciddi ehtiyac var", - bu barədə bazar ertəsi Trend -a Azərbaycan müxalifətini təmsil edən Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Trend -un arayışı: Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə dörd nəfər deputatla təmsil olunur.

Baş redaktorun fikrincə, buna baxmayaraq, Azərbaycan müxalifətinin rəhbərliyi bütün imkanlarını və təşəbbüslərini hələki tam olaraq xərcləməyib. Arifoğlu hesab edir ki, müxalifət rəhbərliyi belə rahatlıqla, asanlıqla və tezliklə öz yerini tərk etməyəcək, ehtiyacdan yaranan addımlar atmayacaq.

"Bir məsələni nəzərə almalıyıq ki, artıq müxalifətçilik xeyli insanlar üçün həm də iş yeri, mövcud olmaq variantıdır. Ona görə də bu istiqamətdə ciddi müqavimət olduğunu və olacağını qəbul etmək lazımdır", - deyib.

Baş redaktor bildirib ki, bununla yanaşı müxalifətin yeni üst qurumuna da ehtiyac var və əgər ehtiyac varsa, bu mütləq həyata keçəcək.

"Mən süni qurumlardan, qondarma müxalifətdən danışmıram. Təbii proseslərin diktə etdiyi yeni siyasi qüvvədən danışıram. Belə bir diktə var. Ölkədə aktiv narazı elektorat, müxalifətin strukturlaşmış qismində təmsil olunan çox fəal və peşəkar qüvvələr var. Lakin müxalifət düşərgəsində onları uğurla yönəldib, nəticələr əldə edə biləcək üst qurum yoxdur. Bu nəticəsizliyin bir sonu olmasına ehtiyac yaranıb", - deyə o əlavə edib.

Arifoğlu vurğulayıb ki, yeni siyasi qüvvəyə ehtiyacın həll olunması prosesində özü də iştirak edə bilər: "Bu prosesdə özümü görüb-görmədiyimi müəyyənləşdirməmişəm, özümə buna dair sual verməmişəm. Çünki özümün də çox ciddi problemlərim var. Mən qəzetin məsuliyyətini daşıyıram və bu istiqamətdə də vəziyyət o qədər ağırdır ki, bütün qüvvəmi qəzetin qorunub, saxlanmasına yönəltmişəm. Mən bu prosesin içində rol ala bilərəm. Amma bu hələlik düşüncədir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti