ElmiraTariverdiyeva, Trend redaksiyasının Avropa və Asiya ölkələri, ABŞ üzrə icmalçısı
Bazar ertəsi keçmiş spiker Nino Burcanadzenin böyük siyasətə rəsmi qayıdışı baş tutub.
Parlamentin keçmiş sədri qayıtmasını avqust hadisələrindən sonra Gürcüstanda yaranmış ağır daxili vəziyyətlə izah edib. Lakin vəziyyət ölkədə qeyri-sabit vəziyyət və hazırki prezident Mixail Saakaşvilinin sarsılmış nüfuzu fonunda prezident kürsüsünə ərizə kimi görünür.
Prezident Saakaşvilinin keçmiş silahdaşı Burcanadze 2004-cü ildə "Qızılgül inqilabı"nın ikinci lideri olub. O, spiker olduğu parlamentdə prezident partiyasının fraksiyasına daxil idi. Lakin ötən ilin noyabrında Tbilisidə müxalifətin nümayişinin sərt şəkildə yatırılmasından sonra hazırki rejimdən uzaqlaşıb.
Burcanadzenin siyasətə qayıtmasının və özünün yeni partiyasını yaratmasının başlıca şüarı rəhbərliyin səhvlərinin ölkədəki hazırki böhrana gətirməsi ilə bağlı bəyanatı olub.
Burcanadze prezidentə açıq məktubu dərc etdirib. Saakaşvilini avtoritarizmdə ittiham edən və parlamenti saxta adlandıran Buranadze bəyan edib: "Uduzulmuş müharibə, həyasız təbliğat, KİV və biznes üzərində presedentsiz nəzarət və birpartiyalı parlament Gürcüstanı artmış xarici təhdid qarşısında daha zəif edir".
Burcanadzenin qayıtması Gürcüstan hökumətində kadr dəyişiklikləri ilə üst-üstə düşüb. Dünən prezident Saakaşvili Baş nazir Lado Qurgenidzeni istefaya göndərib. Tbilisidə bunu birbaşa ictimaiyyətin təşəbbüssü ilə irəli sürülən və Cənubi Osetiyadakı avqust hadisələrində kimin günahkar olmasını aydınlaşdırmaq üçün təşkil edilən parlament dinləmələri ilə bağlayırlar. Yaxın günlərdə ümumilikdə Nazirlər Kabinetinin "sabiq" olacağı gözlənilir.
Bu kadr dəyişiklikləri Burcanadzenin prezident Saakaşviliyə qarşı irəli sürdüyü ittihamların təsdiqi kimi görünür. Ölkədəki siyasi vəziyyətin qeyri-sabit olması isə Saakaşvilinin başında dayandığı hazırki icra hakimiyyətinin dəyişməsinə doğru atılan ilk addım ola bilər.
Bununla yanaşı, Burcanadzenin siyasi nüfuzu və Qərbin dəstəyi prezident kürsüsü uğrunda mübarizədə başlıca arqumentlər ola bilər.
Burcanadze ABŞ-ın fəal dəstəyinə malikdir - onun Nyu-York və Vaşinqtona səfərləri, aparıcı siyasi qüvvələrin nümayəndələri ilə görüşləri bundan xəbər verir.
Burcanadzenin özünün sözlərinə görə, o, Qərb ölkələrində çox vacib görüşlər aparıb və bu görüşlər ona Qərbin ciddi dəstəyinə malik olmasını güman etməyə əsas verir. "Bu, Tbilisinin bombardmana məruz qalmaması üçün əlindən gələni edən Qərbdir. Bu, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin müdafiə olunması üçün əlindən gələni edən Qərbdir. Digər siyasi qüvvə hakimiyyətə gələrsə belə, Qərb Gürcüstana dəstək göstərəcək", - Burcanadze qeyd edib.
Nə etmək olar, görünür "digər siyasi qüvvənin hakimiyyətə gəlməsinə" həqiqətən də çox qalmayıb. Gürcüstan ictimaiyyəti, Aİ və Gürcüstanın ABŞ-dakı əbədi müttəfiqləri Cənubi Osetiyadakı avqust hadisələrini prezident Saakaşvilinin bağışlanılmaz səhvi hesab edirlər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]