...

Azərbaycan müxalifətinin geniş koalisiyasının yaradılması istiqamətində şərtlərlərə əməl olunmayıb

Siyasət Materials 28 Oktyabr 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycan müxalifətinin geniş tərkibdə əməkdaşlıq məsələsi kifayət qədər müzakirə olunsa da, bu barədə mətbuata açıqlama verilməməsi razılaşdırılıb.

"Əgər bu gün bütün qəzetlərdə Əli Kərimlinin açıqlaması çap olunursa, deməli, şərtləri o özü pozub",- çərşənbə axşamı Trend - a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşlığı Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib. Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlayıb.

Mirəlioğlunun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da danışıq aparan tərəflərdən biri kimi iştirak etdiyi müzakirələrdə müxalifətin birləşəcəyi qurumun adı gündəmdə olmayıb.

"Biz, sadəcə, Azərbaycanın gələcəyi naminə bir araya gəlməyin vacib olduğunu düşünərək, prezident seçkisini boykot edən siyasi hərəkatlarla daha geniş tərkibdə əməkdaşlığa nail olmaq niyyətindəydik. İndi Əli Kərimli müxalifətin Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ideyasını ortaya atır", - KXCP sədri vurğulayıb.

Onun sözlərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Müxalifətin Əməkdaşlıq Mərkəzi adlandırılan qurumda təmsil olunan siyasi hərəkatlardan başqa, kənarda ciddi partiyanın qalmaması barədə iddiası yersizdir.

"Kimin ciddi, güclü olub - olmadığını sözlə müəyyənləşdirmək vaxtı çoxdan keçib. Digər tərəfdən, söhbət Azərbaycanın siyasi arenasında az - çox tanınan bütün siyasi hərəkatların bir araya gəlməsindən gedir. Kimlərsə bunu istəmirlərsə, deməli, birliyə mane olanlar da həmin qüvvələrdir", - Mirəlioğlu qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti