Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanın iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) bir qrup üzvü partiya sıralarından istefa vermələrinin səbəbini açıqlayıblar.
"Partiya 1992-ci ildə yaradılsa da, təşkilatlanma prosesi 2008-ci ildə aparılıb. DADP-yə insanların kütləvi şəkildə üzv olmalarının əsas səbəbi isə sədr Məmməd Əlizadənin respublikaınn mötəbər adamlarının adı ilə alver etməsi olub", - çərşənbə günü DADP sədrinin keçmiş müavini Məmiş Cəfərov Trend Xəbərlər Şirkətinin konfrans zalında keçirilən tədbirdə bildirib.
Trend -un arayışı: Hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 1992-ci ildə təsis olunub və 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təşkilata Məmməd Əlizadə rəhbərlik edir. Partiya 1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyir.
1999-cu ildə yaradılan və müxalifəti təmsil edən Böyük Millət Partiyası 2008-ci il sentyabrın 23-də DADP ilə birləşib.
DADP iqtidaryönlü partiyaların 1998-ci ildə yaratdığı Məşvərət Məclisinin üzvüdür. Qurumda hakim Yeni Azərbaycan Partiyasi, Demokratik Azərbaycan Dünyasi Partiyasi, Demokratik Maarifçilik Partiyasi, Azad Respublikaçilar Partiyasi, Respublikaçilar Partiyasi, Ana Vətən Partiyasi, Sosial Rifah Partiyasi, Milli Dövlətçilik Partiyasi, Azərbaycan Naminə Alyans Partiyası təmsil olunur. Hazırda Nizamnamədə təsbit olunmuş rotasiyaya uyğun olaraq Məşəvərət Məclisinə sədrlik Yeni Azərbaycan Partiyasına həvalə olunub.
Cəfərovun sözlərinə görə, DADP-nin rayon təşkilatlarına sədr və üzvlərin qəbulu prosesi də Nizamnaməyə uyğun aparılmayıb.
"Partiyanın yerli təşkilatlarının sədrləri konfranslarda seçilməlidir. Məmməd Əlizadə isə Nizamnamənin ziddinə olaraq rayon təşkilatlarına sədrləri öz əmri ilə təyin edirdi. Partiya üzvlüyünə qəbul prosesi də çox vaxt yerli təşkilatlarda deyil, Əlizadənin öz kabinetində aparılıb. Sədr səlahiyyətlərindən sui-istifadə edərək DADP-nin hətta Nizamnaməsindən xəbəri olmayan adamları öz otağında üzvlüyə qəbul edib, onlara vəsiqələr də verib", - keçmiş sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, Əlizadənin özbaşınalıqları nəticəsində Azərbaycan vətəndaşı olmayan şəxslərin DADP-yə üzvlüyə qəbulu aparılıb.
"Sevda Qələndərova Gürcüstan vətəndaşıdır. Amma Əlizadə Nizamnaməni pozaraq onu partiyanın icraçı katibi təyin edib", - Cəfərov bildirib.
"Partiyanın avqustun 18-də keçirilən qurultayında Siyasi Şuraya 115 nəfər seçilib. Amma sonradan Əlizadənin istəyi ilə həmin adamların sayı 136-ya çatıb. DADP sədrinin şəxsi təşəbbüsü ilə qurultayda İdarə Heyətinə seçilən 17 nəfərin sayı sonradan bir nəfər artırılıb", - DADP-nin təşkilati məsələlər üzrə keçmiş müavini Akif Həsənov deyib.
DADP sədri isə çərşənbə günü Trend -a bildirib ki, müavinlərinin partiyadan xaric edilmələrinin əsas səbəbi onlara seçki ilə bağlı qoyulan öhdəlikləri yerinə yetirə bilməmələri olub.
"Onların ittihamları cəfəngiyatdır. Pozuculuq fəaliyyəti ilə məşğul olduqlarına görə partiyadan uzaqlaşdırılmaları barədə qərar verilib", - Əlizadə əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]