Azərbaycan, Bakı 20 noyabr / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı bəyan edib ki, Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisi və onun ətrafında yerləşən 7 rayon azad olunana qədər Azərbaycan mübarizəsini davam etdirəcək. "Azərbaycan hakimiyyətinin əsas mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Azərbaycanın tərkib hissəsidir və torpaqlar geri qaytarılana qədər biz öz mübarizəmizi və fəaliyyətimizi davam etdirəcəyik". Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Trend -ın arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Ermənistan mətbuatı iddia edir ki, rəsmi Yerevan birinci mərhələdə Azərbaycanın işğal olunan 5 rayonunu geri qaytaracaq, bundan iki il sonra isə Dağlıq Qarabağın statusuna dair referendum keçiriləcək və Ermənistan daha sonra Kəlbəcər rayonunu Azərbaycana qaytaracaq.
Prezident Aparatının rəsmisi qeyd edib ki, həm Dağlıq Qarabağ, həm də onun ətrafında yerləşən 7 rayon Azərbaycanın tərkib hissəsidir və gələcəkdə də belə olacaq.
Cümə günü Ermənistan prezidenti Serj Sarkisyan ölkənin siyasi partiya liderləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.
"Bir neçə il əvvəl Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib. Biz hazırda belə bir müzakirənin keçirilməsinə ehtiyac görmürük", - deyə Aslanov əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]