Kiprin türk və yunan tərəfləri arasında keçirilən danışıqların 10-cu raundunda gərginlik baş verib. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.
Kiprin yunan tərəfinin Rusiya ilə keçən həftə imzaladığı memorandumun danışıqlara mənfi təsir göstərdiyini deyən Kipr türk lideri Məhmət Əli Tələt yunan lider Dmitris Hristofyasa etirazını bildirib. Hristofyas isə Kipr yunan tərəfinin müstəqil dövlət olduğunu heç kimə sübut etmək fikrində olmadığını bildirib. İki lider arasında mübahisə bir müddət davam etdikdən sonra danışıqlar prosesinə keçilib. Kipr türk və Kipr yunan tərəfinin görüşündə BMT nümayəndəsi də iştirak edib.
Kipr Aralıq dənizində Türkiyənin 65 kilometrliyində yerləşən və əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilə qədər adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanlar "Enosis" adlandırdıqları və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başladıqdan sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır. Beynəlxalq aləmdə isə, adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin tək hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də, nəticə yoxdur. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004-cü il Annan Planı referendumu da kiprli yunanların rədd etməsi nəticəsində həyata keçirilə bilmədi. Hazırda Kipr Türk Respublikası ilə Kipr Yunan Respublikası arasında danışıqlar davam etdirilir.