Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan gələcəkdə hərbi sahədə qanunvericlik aktlarına yenidən baxacaq. "Müdafiə, təhlükəsizlik, xüsusən də hərbi iş ilə əlaqədar olan qanunların monitorinqi aparılacaq, sənədlərə hansı əlavə də dəyişikliklər edilməsi zərurəti öyrəniləcək və yenidən işlənəcək", - bu barədə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, artıq Müdafiə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə bu barədə razılıq əldə olunub.
"Məqsəd həmin qanunlardakı boşluqları, çatışmazlıqları tapıb aradan qaldırmaqdır", - deyə Əsgərov əlavə edib.
Komissiyanın iclasında "Azərbaycan və Özbəkistan hökumətləri arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
Saziş bu il sentyabrın 11 - də Bakı şəhərində imzalanıb. Əsgərov deyib ki, Azərbaycan hökuməti indiyədək bir sıra ölkələrlə belə saziş imzalayıb. Sənəd onu imzalayan ölkələrin dövlət mənafeyinə uyğundur.
Qanun layihəsi müzakirə olunmaq üçün parlamentin iclasına tövsiyə olunub.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]