...

Avropa İttifaqı Cənubi Qafqaza və ümumilikdə "Şərq Tərəfdaşlığı"na böyük diqqət ayıracaq – Azərbaycanın xarici işlər naziri

Siyasət Materials 10 Dekabr 2008 17:06 (UTC +04:00)
Avropa İttifaqı Cənubi Qafqaza və ümumilikdə "Şərq Tərəfdaşlığı"na böyük diqqət ayıracaq – Azərbaycanın xarici işlər naziri

Belçika, Brüssel, 10 dekabr/ Tren , müxbir A.İsmayılova/ Brüsseldə Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri arasında danışıqlardan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend - a müsahibəsi

- Cənab nazir, Avropa İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstanla danışıqlarında əsas müzakirə mövzusu nə olub və Ermənistanın xarici işlər naziri ilə ikitərəfli görüş keçirmisinizmi?

- Ermənistanın xarici işlər naziri ilə ayrıca görüşməmişəm. Üçtərəfli görüşdə Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali komissarı Xavyer Solana və Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero -Valdner də iştirak edib. Biz ümumi məsələləri müzakirə etmişik.Gürcüstandakı hadisələrdən sonra Aİ Cənubi Qafqazda sülhün təmin olunması üçün səy göstərir. Gündəlikdə, sülhün təmin edilməsi baxımından vacib olan enerji, nəqliyyat məsələləri dayanır və tezliklə sülh əldə edilməsi üçün Aİ öz tərəfindən səy göstərməyə çalışır.

- Aİ - nin Cənub qaz dəhlizi üzrə yeni strategiyasına dair mövqeyi necədir? Son həftələrdə Xəzər regionu, Avropanın enerji təhlükəsizliyi mənbəyi kimi Aİ-də çox vacib müzakirə mövzusu olub.

- Həqiqətən də, danışıqlar zamanı müxtəlif mövzuları müzakirə etmişik. Lakin başlıca məqsəd enerji məsələləri olub. Enerji ehtiyatlarının ixracının müxtəlif yolları var. Aİ Nabucco layihəsi, TGİ (Türkiyə -Yunanıstan - İtaliya), TAP (Transadriatik layihə) üzrə Türkiyə vasitəsilə ixrac barədə məsələ qaldırıb. Bütün bunlar hələlik müzakirə edilir və hər bir layihə üzrə çox sayda element olduğu üçün, onlardan hansının prioritet olacağını demək tezdir. Şirkətlər məsələsi, maliyyə problemləri və s. dayanır. Lakin hiss edirəm ki, gələn il Aİ bu məsələlərə daha çox maraq göstərəcək, Cənubi Qafqaza və ümumilikdə həm Azərbaycan, Ermənistan və Gürcüstan, həm də Moldova, Ukrayna və Belarusla əməkdaşlığı nəzərdə tutan "Şərq Tərəfdaşlığı"na daha çox diqqət ayırmaqda maraqlıdır.

- Aİ-nin altı ölkəyə təklif etdiyi "Şərq Tərəfdaşlığı" özlüyündə geniş layihədir və azad ticarət zonasının yaradılmasını da nəzərdə tutur. Azərbaycan belə əməkdaşlığa hazırdırmı?

- Biz dekabrın 3 - də Aİ - dən "Şərq Tərəfdaşlığı" üzrə sənəd almışıq. Hazırda onu təhlil edirik. Əlbəttə, bəzi məsələlər bizim üçün maraqlıdır. Məsələn, vizaların verilməsi ilə bağlı problemlərin aradan qaldırılması məsələsi. Burada, həmçinin, münaqişənin nizamlanması, enerji məsələlələri, mübadilə üzrə bir çox maraqlı elementlər var. Avropa Qonşuluq Siyasəti həm də Ağ dəniz ölkələrini əhatə edir. Aİ "Şərq Tərəfdaşlığı" ölkələrini xüsusi olaraq ayırıb. Azad ticarət zonasının yaradılmasına gəldikdə isə, bu məsələni hökumət daxilində öyrənmək lazımdır. Burada ÜTT-yə daxil olmaq, iqtisadi inkişafı, yerli istehsalçıların mülkiyyətinin müdafiəsi və digər məsələlər dayanır. Bu məsələyə İqtisadi Inkişaf, Sənaye və Energetika nazirlikləri cəlb olunacaq. Həmin nazirliklər məsələni diqqətlə öyrənməlidirlər.

- Avropa ölkələrinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vizaların verilməsi ilə bağlı problemlərin aradan qaldırılması yolunda nə dərəcədə irəliləyiş gözləmək olar?

- Bu, bizim hər dəfə qaldırdığımız məsələdir. Azərbaycan vətəndaşları viza alarkən maneələrlə qarşılaşırlar. Aİ-nin buna cavab olaraq irəli sürdüyü nüanslar var. Məsələn, readmissiya üzrə qanun. Düşünürəm ki, danışıqlar prosesində bu məsələni nizamlaya biləcəyik. Xarici işlər naziri kimi mənim üçün, ilk növbədə, vətəndaşlarımıza əziyyət verilməməsi vacibdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti