...

Azərbaycanın "Qarabağ" klubunun çempionluq şansı 80 faizdir – komandanın futbolçusu

Siyasət Materials 26 Dekabr 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dеkаbr/ Trend , müxbir R.Ergün/ "Ilin futbolçusu" seçilən Zaur Ramazanov hesab edir ki, çıxış etdiyi "Qarabağ" futbol klubu Azərbaycan Premyer - Liqasının ikinci dövrəsində daha uğurla çıxış edəcək.

"Premyer - Liqanın ilk turlarında zəif çıxış etdik. Son turlarda isə yaxşı oynayaraq, şansımızı artırdıq. Fikrimcə, 3- 4 yeni futbolçu transfer olunsa, ikinci dövrədə daha uğurlu çıxış edərik", -cümə günü Trend - a Ramazanov deyib.

Hücumçu mövqeyində çıxış edən Ramazanov bu ilin avqustunda "Xəzər - Lənkəran" klubundan "Qarabağ"a keçib.

Futbolçu "Qarabağ"ın çempionluq şanslarının çox olduğunu bildirib.

Ramazanov hesab edir ki, "Qarabağ"ın çempionluq uğrunda şansı 80 faizdir.

"Qarabağ" Premyer - Liqanın birinci dövrəsini 24 xalla 7-ci pillədə başa vurub.

"Ilin futbolçusu" seçilən Ramazanov hesab edir ki, 2008 - ci ildəki oyunu ilə bu adı qazanıb.

"Bu il mənim üçün uğurlu olub. İlin əvvəlində "Xəzər-Lənkəran"la "Birlik Kuboku"nu qazanmışam. May ayında Azərbaycan kubokunun qalibi olduq. Premyer - Liqanın yeni mövsümünə uğurlu başlamasam da, son turlarda daha yaxşı çıxış etdim. Azarkeşlər mənə səs veribsə, bu ada layiqəm", - Ramazanov əlavə edib.

Ramazanov Trend İnformasiya Agentliyinin "Komanda" qəzeti ilə birgə keçirdiyi sorğuda 65 faiz səslə "İlin futbolçusu" seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti