...

Pakistan: yeni ilə köhnə problemlərlə - Trend News-un icmalçısı

Siyasət Materials 15 Yanvar 2009 09:16 (UTC +04:00)
Pakistan: yeni ilə köhnə problemlərlə - Trend News-un icmalçısı

Darina İbrahimova, Trend - un Fars redaksiyasının icmalçısı

Pakistanın milli təhlükəsizlik müşaviri Mahmud Əli Dürraninin işdən azad edilməsi Pakistan hökuməti və ölkədə az qala həlledici qüvvə olan hərbçilərin hərəkətləri arasında razılaşdırmanın olmadığını bir daha göstərir.

Artıq çoxdandır ki, Pakistanın İdarələrarası Kəşfiyyat Agentliyinin arxasında "dövlətdə dövlət" imici möhkəmlənib - o, bütün hallarda hökumət qarşısında hesabat vermir. Bundan başqa, təşkilat radikal "Taliban" hərəkatını dəstəkləyir ki, bu da Human rights watch beynəlxalq hüquq təşkilatının hesabatlarında təsdiqini tapıb. Təşkilatın hesabatına görə, Pakistanın İdarələrarası Kəşfiyyatı talibləri geyim, əsgəri təchizatla dəstəkləyir və bu hərəkat iştirakçılarının təlimini aparırdı. Bu, taliblərin mübarizəsi və yalnız hərbçilər deyil, dinc sakinlərin də həlak olması ilə nəticələnən terror aktları fonunda baş verirdi.

Müşahidəçilərin rəyinə görə, bir müddət əvvəl kəşfiyyat idarəsinn siyasi qanadının ləğv edilməsi təsir etmədi və təşkilatın ölkədə və ondan kənarda baş verən hadisələrə təsirini azaltmadı. Axı bu təşkilat yalnız ölkə daxilində deyil, onun sərhədlərindən kənarda da məlumatların yığılması ilə məşğul olurdu.

Dürraninin işdən azad edilməsi Hindistanın böyük Mumbay şəhərində (Bombey) terror aktları ilə bağlı olub. Artıq ikinci aydır ki, Hindistanın Mumbay şəhərindəki hücumlar Hindistanda narahatlıq doğurur. Bu təəccüblü deyil - axı terror aktları nəticəsində 170-dən çox insan həlak olub, 240 nəfər yaralanıb. Terrorçular günün günorta çağı Tac Mahal və Trident Oberoi mehmanxanaları, eləcə də "Nəriman Haus" yaşayış kompleksinin Avropa mərkəzinə zərbələr endiriblər.

Hindistan, Pakistan ərazisində yerləşən və müşahidəçilərin İdarələrarası Kəşfiyyatla əlaqəli olmaqda şübhələndikləri "Leşkər - e -Tayba" təşkilatından şübhələnir və bu terror aktını həyata keçirmiş 10 nəfərin Pakistanda təlim keçdiyini deyir.

Son vaxtlaradək Pakistan bütün ittihamları rədd edir, özünün baş verənlərə aidiyyatı olmadığından danışırdı. Bir ay əvvəl Pakistan prezidenti Asif Əli Zərdari Hindistanın şəhərində baş vermiş hadisələrə Pakistanın heç bir aidiyyatının olmaması barədə bəyanat verib. Bundan başqa, Pakistanın rəsmi şəxsləri terror aktlarının təşkilində şübhəli bilinən şəxsləri Hindistana verməkdən imtina ediblər. İslamabad terror aktlarının təhiqi üzrə birgə komissiyalar yaratmaqdan da imtina edib və bunu pakistanlıları Pakistanın mühakimə etməli olması ilə təmizə çıxarıb.

Pakistanın davranışı az qala heç bir şeydə günahı olmayanın davaranışına bənzəyir. Lakin son vaxtlaradək Pakistan hökuməti öz bəyanatlarında çox ardıcıl olub və hücumlara "aidiyyatın olmaması" xəttini əyməyib.

Çərşənbə günü, Mumbaydakı terror aktlarından ay yarım sonra, milli təhlükəsizlik üzrə müşavir Mahmud Əli Dürrani, Pakistanın Vaşinqtondakı keçmiş səfiri, ilk dəfə Mumbayda hücumlar nəticəsində sağ qalmış yeganə terrorçu Məhəmməd Əcmal Kəsəbin pakistanlı olduğunu etiraf edənədək hər şey bu plan üzrə gedirdi.

Eyni gündə milli təhlükəsizlik məsələləri üzrə müşavir "ölkənin Baş naziri ilə məsləhətləşmədən KİV - ə milli təhlükəsizlik məsələləri ilə bağlı müsahibə verdiyi" üçün işdən çıxarılıb, - Pakistanın Baş naziri Yusif Rza Gilaninin rəsmi bəyanatında deyilirdi.

Onu təxminən iki aydan sonra belə bəyanat verməyə nə məcbur etdiyi məlum deyil. Lakin ola bilsin, bu ona görə edilib ki, Hindistan bəyanatdan 1 gün əvvəl Pakistana Mumbaydakı hücumların təhqiqatı haqqında hesabat təqdim etdi. Burada, 100 səhifədə Pakistanın terror aktlarına aidiyyatı barədə sübutlar, o cümlədən zənglərin detallaşdırılması və terrorçuların Pakistanla danışıqlarının mətni təqdim edilmişdi. Terrorçular bu danışıqlarda gələcək hərəkətlər barədə təlimat alırdılar.

Hindistanın təqdim etdiyi sübutların sayı Pakistana aydın olanı inkar etməyə imkan vermədi - bir tərəfdən. Lakin sağ qalmış terrorçunun milliyyətcə pakistanlı olduğunu təsdiqləyən şəxsin işdən azad edilməsi Pakistanın hələ də terror aktlarına aidiyyatının olmadığına inandırmağa ümid etməsi təəssüratını yaradır.

İdarələrarası Kəşfiyyatın Pakistanın daxili işlərinə müdaxiləsi, dünya ictimaiyyəti tərəfindən təzyiq vasitəsilə, ölkə hökuməti tərəfindən məhdudlaşdırılmalıdır. Dövlət qurumları, hərbçilər və kəşfiyyat idarəsi arasında razılıq əldə edilməyənədək, Pakistanın ölkə daxilində, daha sonra Cənubi Asiyada sabitlikdən danışmağa dəyməz.

Pakistan hələ dekabrda yüksək hərbi hazırlıq vəziyyəti elan etsə də, çətin ki, son hadisələr Hindistan və Pakistan arasında hərbi münaqişəyə gətirsin. Yeni müharibə tərəflərdən heç birinə lazım deyil. Müharibə pul tələb edir. Maliyyənin məhdud olduğu böhran məqamında isə, müharibəyə başlamaq son dərəcə ehtiyatsız hərəkət olacaq.

Maliyyələşdirmə kifayət etmədiyindən, o uzana bilər ki, bu da Pakistanın daxilində taliblər kimi sabitliyi pozan qüvvələrin xeyrinə olacaq. Bütün qoşunlar Hindistanla müharibəyə atılacaq; belə olan halda, taliblərin bazalarının yerləşdiyi sərhədyanı tayfa rayonlarına nəzarət etmək indikindən daha çətin olacaq. Əgər başlayarsa, Hindistanla müharibədə cəmləşmək taliblərə Pakistanda islam dövləti yaratmaq fikirlərini həyata keçirməyə real imkan vermək deməkdir. Ax,ı Pakistanın yeni hökuməti hakimiyyətdə təzədir və lazımi şəkildə möhkəmlənə bilməyib.

1947 - ci ildə müstəqillik əldə etdikləri vaxtdan, Hindistan və Pakistan onsuz da Kəşmir və Camma regionlarına görə daimi hərbi qarşıdurma vəziyyətindədirlər. Münaqişələr nadir hallarda barışıqlarla əvəzlənir. Onsuz da qeyri-sabit olan regionda müharibəyə başlamaq indi ağıllı hərəkət olmazdı və bu ölkələrin rəsmi şəxsləri bunu başa düşürlər.

Hindistanın müdafiə naziri Arakkaparambil Kurian Entoni bildirib ki, onun ölkəsi Pakistana qarşı hərbi əməliyyatlar planlaşdırmır. Pakistanın xarici işlər naziri onun dediklərini təkrarlayıb.

"Pakistan müharibə istəmir, - Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi deyib. - Pakistan sülh istəyir. Pakistan regionda sabitlik istəyir".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti