Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir C.Babayeva/ Mərkəzi Seçki Komissiyası (MSK) erməni əsilli Azərbaycan vətəndaşlarının seçici siyahısına daxil edilməsinə kömək etmək üçün beynəlxalq təşkilatlardan dəstək gözləyir.
"Erməni əsilli Azərbaycan vətəndaşlarını seçici siyahılarına daxil edə bilməməyimiz ciddi problem olaraq qalmaqdadır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və beynəlxalq qurumların bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına kömək göstərməməsi səbəbindən problem həllini tapmayıb", - cümə axşamı Trend -a MSK katibi Natiq Məmmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda 125 seçki dairəsi var. Onların səkkizi - 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri işğal altında olan rayonları əhatə edir.
Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 4 milyon 600 mindən çoxdur.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
MSK sədri Məzahir Pənahovun daha öncə jurnalistlərə bildirdiyinə görə, erməni əsilli Azərbaycan vətəndaşlarının adlarının seçici siyahılarına salınması ilə bağlı bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət olunsa da, müraciətlər cavabsız qalıb.
MSK katibi deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçici siyahılarının mükəmməl səviyyədə olduğunu bildiriblər. "Seçicilərin siyahı ilə tanış olma institutu daha da təkmilləşdirilib. Onlar internet vasitəsilə siyahı ilə tanış olub, onun təkmilləşməsinə də kömək edə bilərlər. Mərkəzi Seçki Komissiyasının üzvləri və əlaqəli dövlət orqanları siyahıların təkmilləşdirilməsi üçün lazımi tədbirlər görür", - Məmmədov deyib.
Trend - un arayışı: Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.
İndiyədək referendum üzrə 14 təşəbbüs qrupu yaradılıb və yeddi qrup Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini təqdim edib. Hakim Yeni Azərbaycan Partiyasının referendum üzrə "Yeni Azərbaycan" və "Şəhər" təşəbbüs qrupları MSK-da təbliğat qrupları kimi qeydiyyatda alınıblar.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Referendumla bağlı seçici siyahıları fevralın 10-na qədər dəqiqləşdiriləcək və səsvermə gününə 35 gün qalmış seçki məntəqələrində asılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]