Azərbaycan prezidenti İlham Əliyev fevralın 10-da onun üçün ayrılmış iqamətgahda - "Bəyan" sarayında Küveytin baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah ilə görüşüb.
Azərtac agentliyinin yaydığı xəbərə
görə, görüşdə ölkələrimiz
arasında əlaqələrin uğurlu inkişafı
vurğulanıb, iqtisadi əlaqələrin
genişlənməsi üçün yaxşı
potensialın olduğu bildirilib.
Azərbaycan prezidenti İlham Əliyevin Küveytə
rəsmi səfərinin əhəmiyyətinin xüsusi
vurğulandığı görüşdə
ikitərəfli əlaqələrin bundan sonra da
genişlənəcəyinə əminlik ifadə edilib.
İlham Əliyev həmçinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir as-Sabah,Küveyt Milli Məclisinin sədri Casim Məhəmməd əl-Xərafi və Küveyt Ticarət və Sənaye Palatası idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim ilə görüşüb.
Həmçinin İlham Əliyev və şeyx Sabah əl-Əhməd əl-Cabir as-Sabahın iştirakı ilə bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlığa dair Birgə komissiyanın yaradılması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Küveyt tərəfdən Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət sazişini Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən ticarət və sənaye naziri və Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Küveyt tərəfdən ticarət və sənaye naziri və Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah imzaladılar.