Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanda referendum üzrə qeydiyyata alınmış ölkə və seçki dairələri üzrə müşahidəçilərin əksəriyyətini fərdi şəxslər təşkil edir.
"Referendumu müşahidə etmək üçün ölkə üzrə 354, seçki dairələri üzrə 2300-dən yuxarı müşahidəçi qeydiyyata alınıb. Qeydiyyata alınmış müşahidəçilərin əksəriyyəti fərdi təşəbbüslə çıxış edən şəxslərdir", - cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) Hüquq Şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib.
Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.
Hacıyevanın sözlərinə görə, Mərkəzi Seçki Komissiyasında referendum üzrə müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]