...

AB-nin İsrailə qarşı siyasəti daha qətiyyətli olmalıdır - Avropa parlamentinin vitse-prezidenti

Siyasət Materials 21 Fevral 2009 22:36 (UTC +04:00)

Belçika, Brüssel, 21 fevral / Trend müxbir A.İsmayılova/ Avropa Birliyi insan haqlarını və beynəlxalq hüquqa hörmət etməyən İsraillə əməkdaşlığın genişləndirilməsini dayandırmalıdır və təzyiq yolu [AB tərəfindən] ilə İsraili  sağ təmaüllü gələcək hökumətdən xilas etməlidir. Bu fikri Avropa parlamentinin vitse-prezidenti Luiza Morqantini (Luisa Morgantini) ifadə edib.
"Əgər biz "iki xalq iki dövlət üçün" ideyasını dəstəkləyiriksə, onda nəinki Avropa, beynəlxalq birlik də yahudi məskənləri siyasətinə, blokadaya, embarqo və hərbi müdaxiləyə son qoymalıdır", - deyə bu yaxınlarda parlamentarilər qrupu ilə Qəzza zolağına səfər etmiş Morqantini Trend -a eksklüziv müsahibəsində söyləyib.
Morqantini hesab edir ki, İsrail ordusunun Qəzza zolağındakı sonuncu əməliyyatı hərbi cinayətdir. Ona görə də BMT-nin İsrail ordusunun əməliyyatlarının açıq istintaqına ehtiyac var.
"Qəzza zolağında gördüklərim Cenevrə konvensiyalarının kobud pozulmasıdır: təcavüzün hədəfi olan məktəblərin, xəstəxanaların, sənaye obyektlərinin və mülki məskənlərinin dağıdılması", - deyə Avropa parlamentinin vitse-prezidenti bildirib.
Onun sözlərinə görə, Qəzzadakı humanitar böhrandan əlavə ilk növbədə Qərb sahilində və Qəzzada Fələstin əhalisinin azadlığının olmaması həll olunmamış məsələ olaraq qalır, habelə 1967-ci ildə ərazilərin təcavüzündən sonra BMT-nin qəbul etdiyi qətnamələrin İsrail tərəfindən pozulması faktı mövcuddur.
1967-ci ildə altıgünlük müharibədən sonra İsrail Qərb sahili və Qüdsün ərazilərini işğal edib.
İsrailin Qəzza zolağında HƏMAS-a qarşı 22 gün davam edən hərbi əməliyyatı 1300 fələstinlinin həyatına son qoyub, 5000 nəfər isə yaralanıb. Hərbi əməliyyatın nəticəsi olaraq bölgədə humanitar fəlakət yaranıb və infrastruktur dağıdılıb.
Morqantininin sözlərinə görə, Qəzzada humanitar fəlakət embarqonu tətbiq edən və hətta sülhpərvər fələstinlilər üçün bütün sərhədləri bağlayan İsrailin və beynəlxalq siyasətin nəticəsidir.
Onun dediyinə görə, xəstəxanalara aparan "Erets" nəzarət-buraxılış məntəqəsinin bağlanması nəticəsində bir neçə xəstə fələstinli həlak olub.
İsraildə bildirirlər ki, sərhədlərin bağlanmasının əsas səbəbi HƏMAS, "İslam cihadı" və digər hərbi qruplaşmaların hücumlarından müdafiə olub.
Qəza və Misir sərhəddindəki əsas nəzarət-buraxılış məntəqəsi olan "Rafah" bir neçə dəfə İsrail ordusu tərəfindən atəşə məruz qalıb. İsrailin məqsədi HƏMAS üçün silahların daşınması üçün istifadə olunan tuneli dağıtmaq idi.
Bölgədəki durumla tanışlıq məqsədi ilə Avropa parlamenti deputatlardan ibarət nümayəndə heyətlərinin səfərlərini təşkil edir.
"Əsas odur ki, avropalılar özləri görsünlər ki, işğal altında yaşamaq nə deməkdir... Görsünlər ki, fələstinlilər təkcə İsrail ərazilərini atəşə tutan ekstremistlər deyil. Əksinə üç milyondan çox fələstinli yaşamaq, işləmək, uşaqlarını məktəbə göndərmək üçün sülh yolu ilə İsrailin təcavüzünə müqavimət göstərir", - deyə Morqantini əlavə edib.
Bir müddət əvvəl Avropa parlamenti İsraillə əlaqələrin genişləndirilməsindən imtina edib və Qəzzadakı mühasirənin aradan qaldırılması üçün bir sıra qətnamə qəbul edib.
 "Əlbəttə ki, AB İsrailin dinc əhalisinə qarşı hücumların əleyhinədir. Fələstin hökumətinin və ərazilərin birliyi üçün işi davam etdirmək lazımdır", - deyə Avropa parlamentinin vitse-prezidenti bildirib.
Qəzzadakı hərbi əməliyyatlara səbəb HƏMAS-ın İsrailin cənubunu aramsız atəşə tutması olub. Əməliyyatlara atəşkəs haqda altı aylıq razılaşmanın müddəti bitdikdən sonra başlanılıb. "Kassam" raketləri ilə açılan atəş nəticəsində dörd nəfər İsrail vətəndaşı həlak olub.
Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti