Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva / Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) 14 nəfər püşkatma ilə yeni vəzifəyə seçilib. Bu haqda cümə axşamı Trend -a İdarənin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 25-də BŞBPİ-də sıravi və kiçik rəis heyəti əməkdaşlarının orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi üçün püşkatma keçirilib.
Püşkatmaya Polis Akademiyasını qiyabi bitirmiş, paytaxtın polis orqanlarında uzun müddət sıravi və kiçik rəis heyətində işləmiş, yüksək iş göstəricilərinə görə fərqlənən, DİN-in xüsusi həkim komissiyasından keçmiş əməkdaşlar dəvət olunub.
BŞBPİ mətbuat xidmətindən bildirilib ki, kadrların düzgün seçilib yerləşdirilməsinə İdarədə xüsusi diqqət yetirilir, şəxsi heyətin təhsilinin və peşəkarlığının artırılması, fiziki və döyüş hazırlığının, şəxsi və mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür.
İdarənin rəisi, polis general-mayoru Rafiq Abbasov, yüksək peşəkarlığı, Vətənə sədaqət, xidməti işinə məsuliyyət kimi keyfiyyətləri ilə seçilən əməkdaşları irəli çəkməyə, zabit rütbəsi verməyə imkan verən bu təcrübənin bundan sonra da davam etdiriləcəyini bildirib.