Azərbaycan, Bakı, 26 fevral / Trend / Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında cümə axşamı fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmanla Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirlərinin 8 361 016,3 min manat, xərclərinin isə 5 319 534,9 min manat məbləğində olması təsdiq edilb.
Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) (7 992 300 min manat), Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) (150 784 min manat), Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (5 600 min manat), Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər (211 432,3 min manat), digər gəlirlər və daxilolmalar (900 min manat)
Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi (80 000 min manat), Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transferi (4 915 000 min manat), Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi (100 000 min manat), Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi (110 000 min manat), Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi (80 000 min manat), 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi (10 000 min manat), Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı (24 534,9 min manat).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]