Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
Azərbaycanda səfir vəzifəsində çalışmasından böyük şərəf duyduğunu söyləyən səfir iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev səfir Xayçjounun Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.
Azərbaycan ilə Çin arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident, iqtisadi sahədə də əməkdaşlığın yaxşı inkişaf etdiyini bildirib. Bu işə səfirin də töhvələr verdiyini bildirən ölkə başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.