...

Trend News-un Orta Asiya müxbiri Dünya Ahıska Türkləri Birliyinin Mətbuat Mərkəzinin rəhbəri təyin olunub

Siyasət Materials 12 Mart 2009 16:41 (UTC +04:00)

Qazaxıstan, Alma-ata, 12 mart, / Trend , müxbir R.Мəşədihəsənli /

Dünya Ahıska Türkləri Birliyinin Alma-ata şəhərində yenicə fəaliyyətə başlayan Mətbuat Mərkəzinin rəhbəri təyin olunub.
Çərşənbə günü Alma-ata şəhərində "Ahıska" qəzeti redaksiyasında keçirilən mətbuat işçilərinin ümumi toplantısında çıxış edən Dünya Ahıska Türkləri Birliyinin prezidenti, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaəddin İsmixanoğlu bildirib ki, 1944-cü ildə Gürcüstanın Ahıska mahalından Orta Asiya və Qazaxıstan çöllərinə sürgün olunan həmvətənlərimiz hazırda dünyanın 9 ölkəsində - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Azərbaycan, Türkiyə, ABŞ və Gürcüstanda yaşamaqdadırlar. Onların biraraya gəlməsi üçün keçən ilin yayında Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün təklifi və təşəbbüsü ilə bu ölkələrdə fəaliyyət göstərən Ahıska Milli Mərkəzləri və Dərnəkləri rəhbərlərinin ümumi yığıncağında Dünya Ahıska Türkləri Konqresinin yaradılması qərara alınıb. 2009-cu ilin əvvəllərində isə konqresin adı dəyişdirilərək DATB (Dünya Ahıska Türkləri Birliyi) adlandırıldı.

"İndi biz irəliyə doğru daha böyük bir addım atmalıyıq və soydaşlarımız arasında itirilmiş əlaqələri bərpa etmək, ümumi problemlərimizi dünya miqyasına çıxartmaq, özümüzü yaxşı mənada tanıtmaq üçün Mətbuat Mərkəzinin yaradılması çox vacibdir", - İsmixanoğlu deyib.
Onun irəli sürdüyü təklifə əsasən Trend -un Orta Asiya müxbiri, "Türkel" və "Vətən" qəzetləri, "Altın köprü" dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli DATB Mətbuat Mərkəzinin rəhbəri, adıçəkilən mətbuat orqanlarının baş redaktor müavini Hökümə Xəlilova isə müavin təyin olunub.
Ahıskalıların Türkiyədə çıxan bir sıra qəzetləri, o cümlədən "Ahıska" dərgisi, yuxarıda adları qeyd olunan mətbuat nümunələri, TMB TV (Türk Müzik Birliyi-İstanbul), Manas TV-radiosunun "Dostluk köprüsü" proqramı, Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdəki Ahıska türklərinə aid kütləvi informasiya vasitələri Mətbuat Mərkəzinin tərkibinə daxil edilib.

"Doqquz ölkədə məskunlaşan Ahıska türklərinin 60-65 faizi Qazaxıstan və digər Orta Asiya respublikalarında toplum halda yaşadığından, hələlik DATB və onun Mətbuat Mərkəzi Alma-ata şəhərində fəaliyyət göstərəcək. Tezliklə adları çəkilən ölkələrdə şöbələrimiz yaradılacaq", - deyə İsmixanoğlu
əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti