...

Dünya ölkələri su resurslarından rasional istifadə etməlidirlər – İraq Prezidenti

Siyasət Materials 16 Mart 2009 19:59 (UTC +04:00)
Dünya ölkələri su resurslarından rasional istifadə etməlidirlər – İraq Prezidenti

Türkiyənin TRT-2 telekanalının yaydığı məlumata görə, V Ümumdünya Su Forumunda çıxış edən İraq Prezidenti Cəlal Tələbani bildirib ki, su qıtlığını aradan qaldırmaq üçün ümumi su resurslarına malik dünya ölkələri arasında koordinasiya olmalıdır.

"Dünya ölkələri ümumi su mənbələri yaratmalı və su resurslarından rasional istifadə barədə proqram tərtib etməlidirlər", - Tələbani deyib.  

İstanbulda keçirilən forumda 182 ölkədən 27 min nümayəndə iştirak edir.

Tələbani əlavə edib ki, su probleminin həlli istiqamətində beynəlxalq normaların pozulması su mənbələrinin rasional istifadəsinə mane olur.

Bir qədər əvvəl Türkiyə Prezidenti Abdulla Gül öz çıxışında bildirmişdi ki, quraqlıq hökm sürən ölkələrdə su qıtlığını aradaq qaldırmaq üçün mənbələrin bərabər bölüşdürülməsi yardımçı ola bilər. Ümumdünya Su Şurasının təşkil etdiyi və hər üç ildə bir dəfə keçirilən su resursları ilə bağlı iri miqyaslı tədbir martın 22-nə dək davam edəcək. Tədbirdə bir sıra dövlət və hökumət başçıları, parlament deputatları, yerli icra hakimiyyəti nümayəndələri və 3 mindən artıq ictimai təşkilat iştirak edir.

Tədbirin əsas şüarı "Su naminə birlik" adlanır. RİA Novosti xəbər verir.  

BMT-nin məlumatına əsasən, dünya əhalisinin artması, iqlimin qlobal dəyişməsi, enerji resurslarına və ərzağa artan tələbat planetdə su istifadəsinin artımına və inkişaf etməkdə olan ölkələrdəki vəziyyətin dərinləşməsinə səbəb olur.

BMT-nin hesabatında deyilir ki, su böhranı həllini tapmayınca planetdəki digər iri miqyaslı münaqişələr dərinləşərək siyasi qeyri-stabilliyə, müxtəlif münaqişələrə səbəb olacaq.

Ümumdünya su forumları 1996-cı ildən keçirilir. Bundan öncə forum Mərakeşdə, Hollandiyada, Yaponiyada və Meksikada keçirilib.  

Xəbər lenti

Xəbər lenti