...

Azərbaycan enerji tədarükü sahəsində nadir nümunədir – Litvanın xarici işlər naziri

Siyasət Materials 7 Aprel 2009 11:28 (UTC +04:00)
Azərbaycan enerji tədarükü sahəsində nadir nümunədir – Litvanın xarici işlər naziri

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycana səfərdə məqsəd həmişə yüksək səviyyədə olan Azərbaycan-Litva münasibətlərinin nizamlanması və möhkəmləndirilməsindən ibarətdir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskas bildirib.  

"Biz həm siyasi, həm də iqtisadi, xüsusilə də, enerji sahəsində dialoqu dərinləşdirmək istəyirik. Çünki Azərbaycan enerji resurslarının tədarükü sahəsində nadir nümunədir", - deyə o vurğulayıb.Onun sözlərinə görə, Litva Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olmasının qatı tərəfdarlarından olub.

"Şərq tərəfdaşlığı" qonşuluq siyasəti çərçivəsində Polşa-İsveç təşəbbüsüdür, Avropa İttifaqının (Aİ) keçmiş Sovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilib. Proqram Aİ-nin 20 mart tarixində keçirilən iclasında təsdiq edilib. "Şərq tərəfdaşlığı" proqramının təsis sammiti mayın 7-də keçiriləcək. Proqram Avropa İttifaqının altı qonşu ölkəsini əhatə etməlidir: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus. Aİ proqram çərçivəsində 2009-2013-cü illərdə bu ölkələrə 600 mln. avro ayıracaq.

Nazirin sözlərinə görə, tərəflər artıq Litva ilə Azərbaycan arasında siyasi dialoqun dərinləşdirilməsi haqqında memorandum imzalayıblar. "Azərbaycan ilə sərmayə və ticarət mexanizmləri qurmaq üçün mənimlə birgə biznesmenlərdən ibarət böyük qrup gəlib", - deyə Uşatskas əlavə edib.

Onun sözlərinə görə, Litva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və bu prosesdə Aİ-nin iştirak etməsi mövqeyindən çıxış edir. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanasın cümə günü Trend -a verdiyi məlumata görə, Litvanın xarici işlər naziri Viqaudas Uşatskas Bakıda "Litva Ticarət Evi"nin açılışında iştirak edəcək.

"Uşatskasın aprelin 7-8-də reallaşacaq rəsmi səfəri zamanı "Litva Ticarət Evi"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılıb", - deyə Kudzmanas bildirib.

Uşatskasın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev ilə və Azərbaycan parlamentində görüşləri planlaşdırılıb. Kudzmanas bildirib ki, görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Uşatskasın səfəri çərçivəsində Azərbaycan-Litva biznes-forumu təşkil olunacaq. Səfirin əvvəllər bildirdiyinə görə, səfər zamanı xarici işlər nazirini nazirlik və idarələrin, həmçinin Litvanın aparıcı şirkət nümayəndələrinin daxil olduğu nümayəndə heyəti müşayiət edəcək.

Azərbaycan və Litva arasında əvvəlki biznes-forum 2007-ci il 13 sentyabr tarixində Vülnüsdə baş tutub. Rəsmi açılış mərasimində iki ölkə sahibkarları ilə yanaşı, Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Valdas Adamkus da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti