...

Azərbaycanın müxalifət partiyası parlament seçkisində iştirak edən partiyaların büdcədən maliyyələşdirilməsini təklif edir

Siyasət Materials 17 Aprel 2009 12:15 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası parlament seçkisində iştirak edən partiyaların büdcədən maliyyələşdirilməsini təklif edir

Azərbaycan, Bаkı, 17 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyası parlament seçkilərində iştirak edib, uğur qazanan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır.

"İqtidar və hakim partiya nümayəndələrinin bu məsələnin həllinin zəruri olduğunu söyləməsi təqdirəlayiqdir", - cümə günü Trend -a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq.

Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları nəzərə alınacaq.

Azərbaycanın hakim partiyası da seçkilərdə iştirak edən siyası və yaxud parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır. Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir.

Həsənquliyevin sözlərinə görə, dünyanın bir çox ölkəsində partiyaların büdcədən maliyyələşdirilməsində prezident, parlament, hətta bəzilərində bələdiyyə seçkilərində əldə etdiyi göstəricilər əsas götürülür.

"Bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarının formalaşdırılması üçün keçirildiyindən və bizdə bu institutun fəaliyyəti təkmilləşmədiyindən nəticələrin əsas götürülməsi effektli olmayacaq", - BAXCP sədri əlavə edib.

Millət vəkilinin fikrincə, Azərbaycanda partiyaların büdcədən maliyyələşdirilməsi zamanı partiyaların parlament seçkilərində əldə etdikləri göstəricilərə istinad olunması daha məqbuldur.

"Əlbəttə, problemin həlli yolu var. Düşünürəm ki, əsas məsələ bununla bağlı qanun layihəsinin hazırlanmasına başlanılmasıdır. Bundan sonra müzakirələr zamanı partiyaların büdcədən maliyyələşdirilməsinin daha sərfəli variantını müəyyənləşdirmək mümkündür", - Həsənquliyev vurğulayıb.

BAXCP sədri deyib ki, partiyaların büdcədən maliyyələşdirilməsinin bir sıra üstünlükləri ola bilər. "İlk növbədə, bizim siyasi fəaliyyətimizdə ciddi bir şəffaflıq yaranacaq. İkincisi, partiyaların xarici və daxili maliyyə mənbələrdən asılılığı aradan qaldırılacaq", - Həsənquliyev bildirib.

Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "Birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti