...

"Yaxın qonşu uzaq qohumdan yaxşı ola bilər" - Elnur Aslanov

Siyasət Materials 20 Aprel 2009 15:05 (UTC +04:00)
"Yaxın qonşu uzaq qohumdan yaxşı ola bilər" - Elnur Aslanov

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir S.Ağayeva /

Trend İnformasiya Agentliyinin Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovla blits-müsahibəsi.

- Rusiya Prezidenti Dmitri Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı RF-nin Dağlıq-Qarabağ münaqişəsinin həllindəki mandatını yerinə yetirməyə hazır olduğunu bildirib, BMT və ATƏT-in qəbul etdiyi beynəlxalq hüquq və qətnamələrə söykənməyin vacibliyini qeyd edib. Sizcə, Rusiya Dağlıq-Qarabağ münaqişəsinin həllində hansı rolu oynaya bilər?

- Rusiya ATƏT-in Minskin Qrupunun üç həmsədrindən biridir və münaqişənin həlli prosesində vacib rollardan birini oynayır. Üstəlik o - Cənubi Qafqazda əhəmiyyətli regional oyunçudur və bununla da siyasi, iqtisadi və hətta sosial-mədəni proseslərin bilavasitə iştirakçısıdır. Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dilə gətirdiyi mövqe Rusiyanın xarici siyasət konsepsiyasının strateji tərəfdaşlığın reallıq və ruhunun anlanılmasına əsaslanan təcəssümüdür. Çünki münaqişənin həlli zamanı əsas faktor beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipidir. Buna görə də Rusiyanın mövqeyi təbiidir.

Rusiyanın münaqişənin həllindəki roluna gəlincə, deyə bilərəm ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həllinə cəlb olunmasının səviyyəsi iştirakçı ölkənin özü tərəfindən müəyyən edilir, bu rolun nə dərəcədə səmərəli və məhsuldar olacağını zaman və Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasına yönəldilmiş addımların ardıcıllığı göstərəcək. Ancaq biz inanırıq ki, ATƏT-in Minsk Qrupunun üzv ölkələri Azərbaycan ərazilərinin işğalının uzun çəkməməli olduğunu, fəal və işlək tədbirlərin görülməsinin vacibliyini anlayırlar.

- Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Rusiyanın simasında "dostunu və strateji tərəfdaşını görür". Sizcə, Rusiya ilə münasibətlərin strateji xarakteri Azərbaycana hansı siyasi və iqtisadi səmərələr gətirəcək?

- Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri möhkəm bazaya malikdir, simmetrik və qarşılıqlı səmərəli inkişafla fərqlənir. Prezidentlərin görüşü zamanı qeyd olunduğu kimi, dövlətlər arasında ticarət dövriyyəsi artır, sərhədin delimitasiyası problemi həll olunur, artıq mövcud əlaqə və kommunikasiyalara yeni nəzər formalaşdırılır, yeni əməkdaşlıq sahələri ortaya çıxır. Dövlət başçıları arasında mütəşəkkil sıx siyasi dialoq var. Münasibətlərin məhz bu səviyyəsi strateji tərəfdaşlıq adlanır və qeyd etmək lazımdır ki, bütün bu proseslər məcburi şəkildə bağlanılmış əlaqələrin deyil, təbii tarixi prosesin nəticəsidir.

Rusiya ilə münasibətlərin strateji xarakteri Azərbaycana karbohidrogenlərinin nəqli marşrutlarını tamamilə diversifikasiya, bununla da öz təhlükəsizliyini təmin etmək imkanı verir. Digər tərəfdən, Rusiya Azərbaycanın iqtisadi böhran şəraitində öz məhsullarına istehlakçı tapa biləcəyi böyük bir bazardır. Siyasi səviyyədə Rusiya ilə münasibətlərin strateji xarakteri Azərbaycanın qonşularla qarşılıqlı səmərəli əməkdaşlığı nəzərdə tutan xarici siyasət xəttinə uyğun gəlir. Başa düşmək lazımdır ki, yaxın qonşu uzaq qohumdan yaxşı ola bilər.

Digər tərəfdən, dünya iqtisadi böhranından sonra dünyadakı durum dəyişir, beynəlxalq münasibətlərin arxitekturası transformasiya vəziyyətindədir. Tamamilə aydındır ki, yaxın perspektivdə dünya çoxqütblü, qlobaldan daha çox regional olacaq. Azərbaycan isə reallıqları anlamalı və mill maraqlardan çıxış edərək öz geosiyasi prioritetlərini potensial dünya mərkəzləri ilə formalaşdırmalıdır.

- Yeni yaradılmış Ümumrusiya İctimai Gənclər Təşkilatı olan "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı"ndan (RAGT) nələr gözləyirsiniz və onların fəaliyyəti Azərbaycan gənclərinin maraqlarının Rusiyada və dünyada təmsil olunmasında nə dərəcədə uğurlu ola bilər? 

- RAGT-ın yaradılması gənc azərbaycanlıların bütün dünyada fəallaşması prosesində növbəti pillədir. Çox sayda azərbaycanlının yaşadığı və yüzlərlə, bəlkə də minlərlə azərbaycanlının təhsil aldığı Rusiyada gənclər təşkilatının yaradılması təşəbbüsü ötən il irəli sürülmüşdü. Bu dövr ərzində böyük iş aparılıb və bunun nəticəsi kimi RAGT-ın təsis konfransının keçirilməsi olub ki, orada da 300 nümayəndə iştirak edib. Bu gün bildirmək olar ki, Rusiyadakı gənc azərbaycanlıların potensialı çox böyükdür və əminəm ki, gələcəkdə biz Leyla Əliyevanın başçılığı ilə gənclər təşkilatının uğurlu layihələrinin şahidi olacağıq. Necə deyərlər, yolu gedən bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti