...

Azərbaycan Baş Prokurorluğu yeni korrupsiya faktları ilə bağlı cinayət işinə başlayıb

Siyasət Materials 29 Aprel 2009 18:13 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu yeni korrupsiya faktları ilə bağlı cinayət işinə başlayıb

Azərbaycan, Bakı, 29 aprel / Trend ,müxbir K.Zərbalıyeva / Azərbaycan Baş Prokurorluğu yeni korrupsiya faktları ilə bağlı cinayət işinə başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend -a bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172 nəfərin adına yazılmış diplomların, 4 nəfərin adına tərtib olunmuş arayışların saxta olması, həmin diplom və arayışlar əsasında musiqi məktəbləri və gimnaziyalarda işləyən müəllimlərə qanunsuz olaraq ümumilikdə 692 567 manat əmək haqqı ödənilməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, müəllimlərin bir qismi musiqi texnikumu və kolleclərini bitirmələri barədə saxta diplomları Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylərov Bəylər Ağalar oğlu və digər şəxslərdən, bir qismi isə Yevlax şəhər sakini Fərzəliyev İlham Fərzəli oğlundan alıb.

Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət güstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar həmin musiqi müəssisələri tərəfindən verilməyib.

Bəylərov Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1) və rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), Fərzəliyevə isə göstərilən maddələrlə yanaşı dələduzluq (178.2.4) maddəsi ilə ittiham olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Digər bir cinayət işi Ağcabədi Qaz İstismar İdarəsinin rəisi barəsindədir. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ağcabədi Qaz İstismar İdarəsinin maliyyə təsərrüfat fəaliyyətinin audit yoxlanması nəticəsində aşkar edilən qaz sayğaclarının çatışmazlığı, abonentlərə artıq sərfiyyatın yazılması, real rəqəmlərin faktiki sayğac göstəricilərindən artıq olması, layihə smeta sənədləri olmadan rayon ərazisində yerləşən birsıra müəsisələrdə sayğaclar quraşdırılaraq onların təbii qazla qanunsuz təmin olunması faktları üzrə korrupsiyaya qarşı mübarizə idarəsi Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179.2.3) və vəzifə səlahiyyətlərini aşma (309.1) maddələri üzrə cinayət işinə başlayıb.

İstintaq zamanı müəyyən edilib ki, Ağcabədi Qaz İstismar İdarəsinin rəisi Gülmalıyev Elman Gülmalı oğlu vəzifəli şəxs olmaqla ona etibar edilmiş özgəyə məxsus pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamış, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlət orqanının qanunla qorunan mənafelərinə mühüm ziyan vurmuşdur.

Gülmalıyev qeyd edilən vəzifədə işlədiyi müddət ərzində 32 nəfər yeni abonentlərdən 2007-ci ildə evlərinə məişət qaz sayğaclarının quraşdırılmasına görə idarənin hesabına mədaxil etmək üçün qəbul etdiyi pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

Həmçinin 2008-ci ildə yeni abonentlərə məişət qaz sayğaclarını onların öz vəsaiti ilə alınaraq quraşdırmalı olduğu halda, idarənin vəsaiti hesabına 39 ədəd məişət qaz sayğacı alınması barədə qanunsuz göstəriş verməklə idarənin hesabından nağd şəkildə pul vəsaiti çıxararaq mənimsəyib.

Törətdiyi cinayət əməllərinə görə Gülmalıyev Cinayət Məcəlləsinin 179.2.3 və 309.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub və barəsində həbs qərarı çıxarılıb.

Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi Ağalar Güləşxan oğlu Ağayev isə rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunur.

Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Ağayev ötən il avqust ayının 14-də Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi vəzifəsində işləyərkən həqiqi hərbi xidmətdə olan Həsənov İsa Adil oğlu ilə nikah bağlanmasına dair ona müraciət edən Ağayeva Ofeliya Elxan qızından 300 manat rüşvət alıb.

Həsənovun adından yazdırdığı ərizə və nikah haqqında akt qeydində sonuncunun imzalarını saxtalaşdırıb və bilərəkdən yalan məlumatlar daxil etdiyi nikah haqqında akt qeydini və nikah haqqında şəhadətnaməni öz imzası və möhürü ilə təsdiq etməklə Ağayevaya təqdim edib.

Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti