...

İran narkotiklərlə mübarizə sahəsində təcrübəsini Əfqanıstanla bölüşəcək

Siyasət Materials 4 May 2009 19:38 (UTC +04:00)
İran narkotiklərlə mübarizə sahəsində təcrübəsini Əfqanıstanla bölüşəcək

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir T.Cəfərov /

Əfqanıstanın narkotiklərlə mübarizə naziri general Xoadad İranın Narkotiklərlə Mübarizə İdarəsinin sədri Məhəmmədrza Hüseyn Abadi və sözügedən idarədə İran Prezidentinin nümayəndəsi Taha Tahiri ilə görüşüb.

"Görüş zamanı iki ölkə arasında narkotiklərlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib", - telefon bağlantısı zamanı Trend -a Əfqanıstandan Narkotiklərlə Mübarizə Nazirliyinin nümayəndəsi Zülmayi Əfzali deyib.

Onun sözlərinə əsasən, İran narkotiklərlə mübarizə sahəsində böyük təcrübəyə malikdir. "Biz İrana bu sahədəki təcrübəsini əfqan polisi ilə bölüşməyi təklif etdik və görüş zamanı belə bir razılaşma əldə edildi. Bununla yanaşı, narkotiklərlə bağlı informasiya mübadiləsi barədə razılıq əldə edildi", - Əfzali qeyd edib.

"İran və Əfqanıstan ümumi sərhədə malikdirlər və biz qonşumuzdan dəstək istəyirik", - Əfzali deyib.

Hazırkı səfər zamanı 2008-ci il noyabrın 21-də narkotiklərlə mübarizəyə həsr olunmuş iclasda əldə olunmuş razılaşma çərçivəsində əməkdaşlığın yolları müzakirə edilir.

Üçgünlük səfər çərçivəsində İran nümayəndə heyəti BMT, Əfqanıstan və İran arasında keçirilən narkotiklərlə mübarizəyə həsr olunmuş ikinci üçtərəfli iclasda iştirak edəcək. Bundan əlavə, İran nümayəndə heyəti Əfqanıstanın səhiyyə naziri və prokuroru ilə görüşəcək. 

BMT, Əfqanıstan və İran arasında üçtərəfli danışıqların birinci iclası 2008-ci il noyabrın 21-də Kabildə keçirilib.

Xəbər lenti

Xəbər lenti