Suriya, Dəməşq, 23 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /
Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Azərbaycan rəhbərliyi ilə Ermənistan-Türkiyə və Türkiyə-Azərbaycan münasibətlərini müzakirə etmək niyyətindədir. Bu haqda o, Dəməşqdə, şənbə günü jurnalistlərə deyib.
Türkiyənin XİN başçısı Bakıya, İslam Konfransı Təşkilatına üzv ölkə başçılarının bu gün başlayan və üç gün davam edəcək 36-cı iclası keçirilən Dəməşqdən gələcək.
"Türkiyə Dağlıq-Qarabağ münaqişəsinin həllinə böyük diqqət ayırır", - Davudoğlu jurnalistlərə deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.
Bir çox beynəlxalq ekspertlər qeyd edirlər ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər. Azərbaycan Türkiyəyə "Şah Dəniz" yatağından əldə edilən qazı ixrac edir. Qaz Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) tədarük edilir. Müqaviləyə əsasən, Türkiyə Azərbaycanın "Şah Dəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz almalıdır. İki ölkə həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Xəzər neftinin tədarükü sahəsində də fəal əməkdaşlıq edir.
Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 12-13-də Bakıya səfəri zamanı Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə Ermənistanla əməkdaşlığı istisna edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]